Tuesday, April 12, 2011

”Quran-i Kərim”in 23 il ərzində nazil olmasının hikməti nədir?

Əgər “Quran-i Kərim” 23 il ərzində enməyib, bir anda ensəydi, o zaman “Nə üçün “Quran-i Kərim” birdən-birə endi, hissə-hissə enmədi?”,-deyə soruşulacaqdı. Bu kimi məsələlərdə əsas olan Haqqa təslim olmaq və Onun təqdirini yerində görməkdir. Yoxsa, hər məsələdə buna oxşar suallar verilməyə başlanar: “Günorta namazı nə üçün 10 rükətdir? Cümə namazı niyə cümə günü qılınır, zəkat niyə 40-da birdir, 41-də bir deyil” və s. bu kimi sualların ardı-arası kəsilməz və bu cür suallar zənciri sonsuza qədər uzanar. Onun üçün də bütün bunların bir ibadət sirri olduğunu bilməyimiz lazımdır. Bununla yanaşı, namazın bizə məlum olan bir çox  hikmətləri vardır. Əlbəttə ki, fərdin gündə beş dəfə Mövlasının hüzuruna gəlməsi Allah tərəfindən məsləhət görülmüşdür və bunda bir çox faydalar vardır. Amma rükətlərin sayına gəlincə, vitr 3 rükət, axşamın fərzi 3 rükət, əsrinki isə 4 rükətdir. Bu saylar Allah tərəfindən müəyyən edilmişdir.
   Əgər bizə deyilsəydi ki, “Növ və şəkillərini özünüz müəyyənləşdirmək şərtilə gündə beş dəfə ibadətlə vəzifələndirilmisiniz”. O zaman biz rükətlərin sayları ilə bağlı müxtəlif fikirlər yürüdə bilərdik. Təbii ki, gündəlik işlərimizə, yaşayış şərtlərimizə uyğun hər kəs bir şəkildə düşünərdi. Rükətlərin sayının təyin edilməsində, əlbəttə ki, ağılın yolu başqa, vəhyin yolu başqadır. Vəhyin yolu, əlbəttə ki, daha məqsədəuyğundur. Başqa sözlə, burada namazın hikmətləri araşdırılır, rükət sayları deyil.
   “Quran- Kərim”in 23 il ərzində enməsinin də bu cür hikmətləri vardır. Bundan əlavə, “Quran-i Kərim”in nazil olduğu dövr bəşərin kamal üz tutduğu dönəmdir. Onun üçün ən kamil Nəbi gəlmişdir. Bəli, yer üzünə kainatın Pnun hörmətinə yaradıldığı Həzrəti Məhəmməd (s.a.s) gəlmişdir. Onun qövmünə edəcəyi şey, o dpvr üçün ən kamil, ən mükəmməl olmaq, təkamülün pilləkənlərini sona qədər qət etmək, mədəni millətlərə müəllimlik etmək idi. Halbuki o günə qədər onların sahib olduqları pis əxlaq və xoşa gəlməyən xasiyyətlər, ruh və damarlarına elə işləmişdi ki, bunları bir-bir söküb atmaq və yerlərinə gözəl əxlaqı, fitrətlərinə gözəl xasiyyətləri yerləşdirmək ayrı-ayrı işlərdi.
   “Quran” əgər bir anda bütün əmrləri ilə birdən-birdən onların qarşısına çıxsaydı, altından çıxa bilməzdilər.
   Əslində, belə bir hal insanlığın kamilləşməsi və kamilləşmə yolunda təqib etməli olduğu prinsiplərə də zidd olardı.
   Yaşadığımız müasir dövrdən misal çəkərək fikrimizi daha da aydın izah edə bilərik. Gəlin, bəzi siqaret çəkən, içkiyə qurşanan və ya küçələrdə gəzmə xəstəliyinə tutulan, yaxud da kafedə oturma alışqanlığı olan kimsələri düşünək. Bunlara “dost, kafeyə getsən ölərsən”,-desəniz, o yenə də bir çox bəhanələr uyduraraq getməyə davam edəcəkdir. Əgər bir gün kafeyə getməyib evdə qalsa, evində bir küncə çəkiləcək, ah-uf edəcək və fürsət tapan kimi yenə kafenin yoluna üz tutacaqdır. Çünki, artıq alışdığı həyat tərzi dəyişmişdir. Halbuki o, lüzumsuz bəsit bir adətini tərk etmişdir.
   Siqaret və ya tiryəkə aludə olmuş bir adama deyirsiniz ki: “Səhhətinə zərərli olan bu siqareti tərgit. Çünki sənin siqaret çəkməyin yavaş-yavaş intihara getməkdir. Sanki əlindəki xəncəri birdən-birə deyil, yavaş yavaş sinənə saplayır və ahəstə-ahəstə intiharı tamamlamış olursan”. Hətta bunu bir həkim vasitəsi ilə söyləsəniz, yəni həkim desə ki, “siqaretdə heç bir fayda olmadığı halda, bir çox zərərlər var.” Bu adam siqareti tərgitmək üçün bir xeyli tərəddüt keçirəcəkdir.
   Beləcə, insanıara onların qanına və damarlarına işləmiş adətləri tərgidən “Quran”ın enməsindəki mərhələləri düşünün.
   Bəli, əvvəla tikanları kəsib “tarlanı” hazırlayır, pis şeyləri təmizləyərək saflaşdırır. Yəni pis xasiyyətləri onların ruhlarından çıxararaq, gözəl xasiyyətləri gətirib yerləşdirir və qısa bir vaxtda minlərlə iş görür. Buna görə biz belə düşünürük ki, “Quran-i Kərim”in 23 ilə nazil olması çox qısa müddətdir.
   Nur müəllifinin dediyi kimi: “Görəsən, bu əsrin filosofları Əfəndimizin (s.a.s) dövründə yaşasaydılar, çalışsaydılar o zamana nisbətən o Zatın bir ildə etdiyinin yüzdə birini yüz ildə edə bilərdilərmi?” Budur, meydan oxuma! İçkidən minlərlə evin yıxıldığı göz qabağındadır. “Yaşıl Ay” cəmiyyəti hər il konfranslar və müxtəlif fəaliyyətlər təşkil etməkdədir. Bu təşəbbüsü genişləndirərək orta məktəblər və liseylər arasında yaymaqdadır. Bunun müqabilində görəsən neçə nəfər içkini tərgitməkdədir? Buyursunlar, bütün universitetlərin professorları bir yerdə səfərbər olsunlar, bir il çalışsınlar, görək neçə nəfərin içkini tərk etməsinə nail olacaqlar?
   23 il əlbəttə ki, çox qısa bir müddətdir. Bu baxımdan da “Quran”ın etdikləri bir möcüzədir. Bəşər Əfəndimizin(s.a.s) 23 ildə qət etdiyi məsafəni min ildə qət edə bilməmiş, edə bilməz də...
   Bir tərəfdən “Quran-i Kərim” belə pis xasiyyətlərin minlərcəsini yox etməyi hədəfə almış, digər tərəfdən də yox edilən bu pis xasiyyətlərin yerini “Quran”ın gözəl əxlaqı ilə əvəz etmək, bəzəmək vəzifəsini qarşısına məqsəd qoymuş, bütün bunları heç kimi sarsıtmadan, hürkütmədən, ruhlarını incitmədən onlara qəbul etdirmişdir. Ortaya atdığı bir çox məsələləri müxtəlif mərhələlərdən keçirərək icra halına gətirmişdir. Bu gün onların bir neçəsini praktik həyatımızın bir parçası halına gətirə bilməyimiz üçün daha bir neçə 23 ilə ehtiyac duyulacaqdır.
   Uzun bir zamanda mənimsəniləcək bir qisim əmr və qadağaların o dövrün insanının qəbul edib mənimsəyə bilməsi üçün 23 il lazım olan zaman kəsiyidir. Müəyyən edilmiş bir çox şeylərin mərhələ-mərhələ qaldırılması, bir çoxunun da ortaya çıxarılması üçün bu müddətə ehtiyac vardır. Misal olaraq deyə bilərik ki, bu müddət ərzində üç-dörd mərhələdə içki qadağan edilmiş, iki mərhələdə qız uşaqlarının diri-diri basdırılması aradan qaldırılmış, dağınıq qəbilə həyatı bir-iki həmlədə həll edilmiş və qəbilələr arasında birlik təmin edilərək kütlələr ictimai şüura yüksəldilmiş, beləcə özlərini bir cəmiyyət kimi formalaşdırma ləyaqəti qazandırılmışdır ki, bununla da bütün pis niyyətlərin tərk edilməsi, onların yerinə yüksək əxlaqın mənimsənilməsi kimi çox çətin işlər görülmüşdür. Ona görə də daha çox zamana ehtiyac duyulmuşdur.
   Digər tərəfdən, bütün bu işlər 23 ildə deyil, çox qısa bir zamanda birdən-birə görülsəydi, bu baxımdan o bədəvi cəmiyyət bu işdə dayana bilməyəcək və məhv olacaqdı. Belə bir bənzətmə edə bilərik. Məsələn, bir insan günəş şüalarının təsirinə məruz qaldığı zaman dərisində bir çox dəyişikliklər baş verir. Soyuq iqlimi olan ölkələrə aparılan zaman isə bu dəfə də ona görə bir sıra kiçik dəyişikliklər meydana gəlir, amma qətiyyən 20 mutasiya ağırlığında ciddi bir dəyişiklik birdən ola bilməz. Bu cür fiziki dəyişikliklərdə canlı öldüyü kimi, bunda da belə olur. Bu sanki bir atmosfer təzyiqi altında dayanan birinin birdən-birə 20 min km yüksəkliyə çıxmasına bənzəyir ki, bu halda da insan orada dərhal ölə bilər.
   Bir anda 20 min km yüksəkliyə çıxmaq insan həyatı üçün təhlükəli olduğu kimi, həyat, ailə, fərd anlayışı sıfır dərəcədə olan bir cəmiyyətə birdən-birə “Quran”ın nazil olması da olduqca təhlükəli olardı. Ani olaraq “Budur hökmlər, onlara əməl edin! Bu kitabda olan hökmlərə hər hansında heç bir naqisliyə yol vermədən riayət edin” kimi əmrlər qarşılarına çıxsaydı, o cəmiyyətdən heç kimi bunu qəbul etməzdi. Çünki bu, birdən-birdə 20 min km yüksəlmək deməkdir ki, o cəmiyyət buna tab gətirə bilməyəcəkdi. Elə isə, “Quran-i Kərim”in hökmlərinin insanlara 23 ildə gəlməsi, mərhələ-mərhələ nazil olması insan fitrətini izləməkdə önəmli olan cəhətlərdəndir və insan təbiətinə münasib olan da budur. İnsanı kainatdan ayrı təsəvvür edə bilmədiyimizə görə, onu kainatdakı hadisələrin seyrinə görə araşdırmaq və kainatdakı inkişafların xaricində mütaliə edə bilməyəcəyimizi qəbul etmək məcburiyyətindəyik. Necə ki, kainatdakı inkişaflar yavaş-yavaş baş verir və qanunlar həmin istiqamətdə hərəkət edir, insanın yetkin olması və irəliyə doğru addımlaması da eyni şəkildə olacaqdır. O, irəliləməyin özü, əsası və prinsiplər məcmusu olan “Quran-i Kərim” də elə buna əsasən 23 ildə nazil olmuşdur. Bu, Allahın hikmətindəndir ki, bu müddəti 23 ilə qədər uzatmışdır...Bu, 24 il də ola bilərdi, 25 də. Deməli, Nəbilər Sultanının (s.a.s) müqəddəs həyatı 63 il olacaqmış və 23 il sonra həyatı sona çatacaqmış, vəhy də bitəcəkmiş. Amma 64 il də ola bilərdi, vəhy də 24 ilə çıxardı. Biz də onu eyni hikmət çərçivəsində qəbul edərdik.
(İslamın beş təməl şərtinin qısa izahı,Müxtəsər Elmihal-Osman Bilgen)