Xanımlara aid


Qadınlara aid xüsusi hallar

Yetkin bir qadından üç növ qan gələ bilər. Birincisi, müəyyən yaş arasında və müəyyən vaxtlarda gələn heyz qanıdır. İkincisi, doğumdan sonra müəyyən bir müddət gələn nifas qanıdır. Üçüncüsü də bu ikisi xaric və ümumiyyətlə, bir xəstəlikdən qaynaqlanan istihazə (üzr) qanıdır.

Heyz

Heyz yetkinlik çağına girmiş sağlam qadının rəhmindən müəyyən vaxt aralıqlarında axan qana deyilir. Qadınlarda yetkinlikdən menopoza qədər görülən bu fizioloji hadisəyə də heyz halı (“aybaşı”, “adət qanaması”) deyilir.
Heyzin başlama yaşı ilə qurtarma yaşı orqanizmin fiziki, irsi, ətraf mühit və iqlim şərtlərinə görə qadından-qadına dəyişə bilir. Adət qanamalarının ortalama olaraq 11-13 yaşlarından başlayıb 45-50 yaşlarında sona çatdığı məlumdur. Heyz müddətində cinsi münasibətdə olmaq haramdır.
Heyz ən azı üç gün, üç gecə, ən çoxu on gün on gecə davam edir. İki adət arasındakı təmizlik halına “tuhur” deyilir. Bu halın müddəti ən azı 15 gündür.
  Qadın adət etdiyi heyz müddəti az və ya çox olmasından asılı olmayaraq, heyz müddətinin arasına girən tuhur (təmizlik, yəni qan gəlməyən günlərdə də) halında da heyzli olaraq qəbul edilir. Məsələn, qadın ən az heyz müddəti olan üç günün birinci və üçüncü günlərində qan gəlib arada keçən ikinci günündə qan gəlməsə belə bu gündə heyzli sayılır.
   Heyzin müddətinin bitməsi üçün axıntının rəngi tamamən ağ rəngə çevrilməlidir. Axıntı qan qırmızı rəngdə olmaqla bərabər, torpaq rəngi, bulanıq, yaşıl, sarı və qara olaraq da gələ bilər.
   Heyz müddəti bitən kimi qüsul dəstəmazı alaraq təmizlənməli və ibadətlərinə başlanmalıdır.
   Heyz müddətində qılınmayan namazların qəza edilməsinə ehtiyac yoxdur, tutulmayan oruclar isə təmizləndikdən sonra qəza edilməlidir.

Nifas

   Doğuşdan dərhal sonra qadının rəhmindən axan qandır. Buna “zahılıq”qanı da deyilir. Nifas müddəti ən çox 40 gün davam edir.
   Nifasın bitməsi ilə namaz və oruc kimi ibadətlər yerinə yetirilməyə başlanılır. 40 gün keçməsinə baxmayaraq, qanaxma davam edərsə, bu nifas qanı sayılmaz, artıq bu qan üzr qanı hökmünə keçər.

İstihazə

   Heyz halında olan bir qadından 3 gündən az və yaxud 10 gündən çox gələn qana istihazə qanı deyilir. Lohusa (zahılı) qadından isə 40 gündən çox gələn qan istihazə qanıdır. Bu qan qadının namazına, orucuna və digər ibadətlərinə mane olmadığı kimi cinsi yaxınlığa da əngəl törətməz. İstihazə qanı gələn qadın hər namaz vaxtında dəstəmaz alar və namazını qılar. İstihazə daimi burun qanaması kimi yalnız dəstəmazı pozan bir üzr halıdır.


Heyz və Nifas hallarında edilməsi HARAM olan şeylər

1)    Namaz qılmaq

Heyz və nifas hallarında olan xanımlar namaz qıla bilməzlər. Bu halda qılınmayan namazlar da sonradan qəza edilməz. Tilavət və şükür səcdəsi də edilməz. Ancaq, arzu edən namaz vaxtları girdiyində dəstəmaz alıb səccadəyə oturaraq “Əstağfirullah, Sübhənallah, Əlhamdulillah” kimi təsbihlərlə məşğul ola bilər.

2)    Oruc tutmaq

Heyz və nifas halında oruc tutula bilməz. Ancaq, Ramazan orucu sonradan qəza edilməlidir.

3)    “Quran-i Kərim” oxumaq

Sadəcə həmd və dua ilə bağlı ayələri dua və zikr niyyəti ilə oxumaq caizdir. Məsələn, dua niyyəti ilə “Fatihə” surəsini oxumaq olar. “Quran-i Kərim”ə əl vurmaq və “Müshəf-i Şərif”i əldə saxlamaq haramdır. Ancaq, “Quran”a yapışdırılmamış bir üzlük, bir mücrü və ya sandıq içində onu daşımaq və onu çöl tərəfdən tutmaq caizdir(icazə verilir).

4)    Zərurət olmadığı halda bir məscidə girmək.
5)    Kəbəni təvaf etmək.
6)    Həyat yoldaşı ilə cinsi münasibətdə olmaq.

Xüsusi Hallarda qadınlar nə etməlidirlər?

      Qadınlar xüsusi hallarda bəzi dini vəzifələrini yerinə yetirə bilmirlər. Bu hal onları bəzi şər qüvvələrin hədəfinə çevirə bilər. Şər varlıqların onlara hücumu, onları təsir altına alma istəkləri ümumiyyətlə, bu zamanlara təsadüf edir. Bu zaman qadınların özlərini qorumaları, məsələn dəstəmaz alaraq namaz qılacaqları müddət içində, səccadə üzərində qibləyə dönərək oturmaları, təsbih (“Sübhənallah”), təkbir (“Allahu Əkbər”) və təhlil (“Lə ilahə illəllah”) demələri, dua etmələri, “Quran”dan dua ayələri oxumaları tövsiyə edilir.

Qadınların heyzli günlərdə dişlərinə dolğu (plomb) qoydurduqdan sonra aldıqları qüsul səhihdirmi?

Hənəfi məzhəbində qüsul dəstəmazında ağız içini yumaq (mazmaza) fərzdir. Ancaq, burada diqqət yetirilməsi vacib olan məsələ “ağzın içi” mövzusudur. Yəni yuyulması fərz olan ağız içidir, dişin içi deyildir. Bu səbəblə plomblu (dişdəki oyuğu doldurmaq üçün işlədilən və sonradan bərkiyən xüsusi maddə) və ya qapaq qoyulan bir dişin xarici səthinə suyun təması qüsul üçün fərzdir. Bu da hər zaman ola biləcəyinə görə burada şübhəyə səbəb olacaq bir şey yoxdur.