Sunday, May 8, 2011

Şeytanın yaradılmasının və insanları yoldan çıxartmağına yol verilməsinin hikməti nədir?

a) Şeytan yaradılmasaydı, insanın yaradılmasının bir hikməti olmazdı. Bunu unutmamaq lazımdır ki, Allahın qətiyyən günaha girməyən və şeytanın vəsvəsəsinə məruz qalmayan mələklər kimi bir çox məxluqatı var. Allah insandan fərqli bitki və heyvanlar yaratdığı kimi ilahi sənəti mələklərdən fərqli şəkildə öz üzərində təcəlli etdirən insanları yaratmışdır. Allah insanın mahiyyətindəki istedad toxumlarının inkişaf etməsi üçün önünə bir hərəkətverici qüvvə, inkişafına səbəb olacaq şeytan və xəbis ruhları çıxarmışdır. Lakin təkəbbür və üsyan duyğularını insanlara təlqin edən şeytan gördüyü bütün şər işləri şüurlu olaraq edir.
Şeytan insanı qovan rəqib marafonçuya bənzəyir. İnsan hədəfə varmaq, zəfər əldə etmək, onu hər zaman izləyən bu əzəli rəqibini aşa bilmək üçün onu daima geridə qoymalı və ondan irəlidə olmalıdır. Əgər insanın belə hərəkətverici bir rəqibi və düşməni olmasaydı, o bu dünya yarışında yarışa bilməz və nüvə şəklindəki istedadlarını qətiyyən inkişaf etdirə bilməzdi. Daha aydın desək, içində toxum halında olan qabiliyyətlərinin inkişaf üçün zəmin tapa bilməyəcək və nəticədə faydasız bir varlıq halına düşəcəkdi. İnsan oğlu ən ali dərəcəni və kamillik mərtəbəsini bu əzəli düşmənə qarşı apardığı mücadilə ilə əldə etmiş və Əbu Bəkirlər yetişdirmişdir. Əksinə bəşər bu mübarizədəki acizliyi və iradəsizliyi ilə də Əbu Cəhillərin yetişməsinə səbəb olmuşdur.
b) Şər iş şeytanın yaradılışı deyil, pna tabe olub şər iş görməkdir. Necə ki, cinayətdə işlədilən bıçaq və ya silah deyil, cinayəti törədən əllər əsas səbəbkar olaraq göstərilir. Şeytan da insanın gördüyü şər işlərdə bir vasitə və alətdir, əsl günahkar isə bu aləti istifadə edən əldir. Bəli, nəfs və nəfsə uyan iradə şeytani təlqinlərin təsiri altında bəzi şər işlər törədir, lakin unudulmamalıdır ki, bütün mənfi nəticələrin əsas səbəbi şeytan deyil, insandır. Şeytan və şər ruhlar bəsit səbəbdir. Həqiqi xəstəlik isə insanın iradəsindədir. İnsanlar şeytanla deyil, öz zəif iradələri ilə şər işlər  görürlər.
c) İnsan hər şeyi öz dar düşüncəsinə və əlində olan kiçik səbəb və nəticələrə görə dəyərləndirməyə meyillidir. Halbuki, Allah (c.c)  ümumi nəticələrə və faydalara baxar və ona görə yaradır. Məsələn, əlimizi oda tutsaq, sözsüz ki, əlimizi yandırar. Buna görə atəşə “heç bir xeyri yoxdur, zərərlidir”,-deyə bilərikmi? Əlbəttə ki, yox. Əslində hər bir nemətə “xeyirli” və “zərərli” damğasını vuran şəxsən biz insanlarıq. Cüzi zərərlərə görə ümumi xeyirlərə zərərlidir demək düzgün deyil. Dünyada hər bir nemət belədir. Allah yaradanda ümumi nəticələri nəzərə alaraq yaradır. Şeytanın yaradılışı da ümumi nəticələrə baxır. Əbu Cəhlin iradəsi ilə cəhənnəmə yuvarlanmasında və Əbu Bəkrin (r.a) timsalında minlərlə övliya və kamil möminlərin cənnətə layiq görülməsində də şeytanın rolu vardır.
d) Cüzi zərərlərinə görə, elektrik və yağışa “kaş olmayaydılar”,-deyə  bilmədiyimiz kimi, şeytana da “niyə yaradıldı?”,-deyə bilmərik. Bədənin ümumi sağlamlığını qorumaq üçün cüzi qanqrena olmuş əl və ya qol kəsilir. Eləcə də gətirdiyi böyük nəticə və faydalara görə, şeytanın varlığına da qarşı çıxmamalıyıq. Əsgərlərimiz həlak olur deyə “əsgərlik peşəsini qaldıraq, döyüşə getməyək”,-deyə bilərikmi? Əlbəttə ki, xeyr. Çünki bunu söyləmək gülüncdür. Bunun kimi, şeytanların bəzəyib-düzəməklə bizdən aldıqları Peyğəmbərimizin (s.a.s) iman adına qazandırdıqlarının yanında mində bir nisbətdə belə deyildir. “Necə olur? Axı şeytanın oyunları üzündən minlərlə insan cəhənnəmə gedir” deyilə bilməz? Çünki, mömindəki keyfiyyət, kafirdəki kəmiyyətdən həm daha önəmli, həm də üstündür. Bir insanın həyatı daha önəmlidir, yoxsa min böcəyin: Min xurma toxumundan 11 dənə ağac yetişib, geridə qalanları çürüyəndə, min toxuma sahib olmaqmı daha xeyirlidir, yoxsa 989-nun çürüməyinə baxmayaraq, 11 xurma ağacına sahib olmaqmı?