Monday, April 11, 2011

Peyğəmbərimiz (sas) : “Dua bir ibadətdir.”


Duanın dinimizdəki yeri

Uca Kitabımız Quran-i Kərimdə duanın əhəmiyyəti və müsbət nəticələri açıq-aşkar ifadə edilmiş və duaya çoxlu nümunə göstərilmişdir. Əziz Peyğəmbərimiz də duanın fəziləti və faydalarını izah etmiş, özü də çox zaman dua etmiş və bizə Allaha necə yalvaracağını göstərən çox gözəl dualar öyrətmişdir.

Quran-i Kərimdə dua

Uca Allah dua ilə əlaqədar olaraq Quran-i Kərimdə belə buyurur: “Rəbbiniz buyurdu ki, Mənə dua edin. Mən də sizin dualarınızı qəbul edim!”(Gafir surəsi,40/60).
   Bu ayədə Allah Təala bizi dua etməyə çağırır və bizim dualarımızı qəbul edəcəyimi bildirir. Bu çağırış Rəbbimizin bizə qarşı nə qədər mərhəmətli və lütfkar olduğunun da çox aydın bir dəlilidir.
   Peyğəmbərimizə: “Ey Allahın Rəsulu! Rəbbimiz bizə yaxındırmi? Ona səssizcə yalavaraq. Yoxsa uzaqdırmı? Bərkdən çağıraraq dua edək?!” – deyə sual verilməsi ilə əlaqədar olaraq aşağıdakı ayə nazil oldu:
   “Bəndələrim məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib, Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” (Bakara surəsi,2/186).
   Bu ayədə də Rəbbimizin bizə yaxın olduğu bildirilmiş və dualarımızın qəbul edilərək arzularımızın həyata keçiriləcəyi xəbər verilmişdir.
   Böyük təfsir alimi Məhəmməd Həmdi Yazır bu ayəni belə izah edir: “Dua edən bir insanın könlü (ürəyi) Allahdan başqa bir şeylə məşğul olduğu zaman həqiqi dua etmiş hesab olunmaz.” Müəllif daha sonra belə davam edir: “QuL öz ürəyindən Allahdan başqa hər şeyi çıxartdığı zaman onunla Allah arasında həqiqi bir yaxınlıq meydana gəlir və aralarındakı bütün vasitələr ortadan qalxır. Allahla qul arasındakı pərdə qalxınca, illər boyu yerinə yetirilməsi mümkün olmayan işlər Allahın arzu etməsi və “ol” deməsi ilə dərhal həyata keçir. Dua Allahın yaxınlığını təmin edən gözəl bir vasitə və ən yaxşı ibadətdir. Peyğəmbərimizin: “Dua ibadətin özüdür”(Hak Dini Kuran Dili,C.1,Səh.666), sözü də bunu göstərir.
   Allaha dua edərkən insanla Allahın arasında heç bir vasitəçiyə ehtiyac yoxdur. Qul dua edəcəyi vaxt Uca Rəbbinə üz tutmalı, öz arzularını bilavasitə ona bildirməlidir. Çünki Onun elmi hər şeyi əhatə etmişdir. Allah nə etsək onu görür, nə desək onu eşidir, hətta ürəyimizdən keçənləri də bilir.
   Quran-i Kərimdə dua etməyimizi əmr edən və duaların qəbul ediləcəyini bildirən ayələrdən başqa, çox gözəl və son dərəcə mənalı dualara da yer verilmişdir.
   Namazların hər rükətində oxuduğumuz və Allaha layiq ən gözəl tərif cümləsi ilə başladığımız Fatihə surəsində duanın ən dərin və gözəl ifadəsini görürük:

Fatihə surəsinin mənası belədir:

“1. Rəhmli və mərhəmətli Allahın adı ilə!
  2. Həmd (şükür və tərif) olsun Allaha – aləmlərin Rəbbinə,
  3. Rəhmli, mərhəmətli olana,
  4. Haqq-hesab gününün sahibinə!
  5. Allahım! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!
  6. Bizi doğru yola yönəlt!
  7. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və haqdan azanların yoluna yox!” (Amin).
   Dua kiçiyin böyükdən, gücsüzün güclüdən bir şey istəməsi deməkdir. Buna görə də Allaha dua edərkən söz və davranışlarımızın kamali-ehtiram içində olması böyük əhəmiyyət kəsb edir.
   Uca Rəbbimiz dua edərkən necə hərəkət etmək lazım gəldiyi barəsində belə buyurur:
   “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, Allah həddi aşanları sevməz.”(A’raf surəsi, 7/55).
Dua edərkən çığırıb bağırmaq, sözü lazım olduğundan artıq uzatmaq, günah olan və ya layiq olmadığın şeyləri istəmək və fövqəladə şeylər tələb etmək düzgün deyildir. Bunlar həddi aşmaqdır. Həddini aşanları isə Allah sevməz və onların dualarını qəbul etməz.