Tuesday, April 5, 2011

İmanın əsasları ilə əlaqəli bəzi məsələlər

Rəsm rəssama, sənət əsəri sənətkara, kainat Allaha məxsusdur. Hər şeyi O yaratmışdır. Bəs Onu kim yaratmışdır? Hər şeyin səbəbi O isə, Onun səbəbi kimdir?

Bu suala fərqli prizmalardan cavab verilə bilər:
1. Məntiqlə fikirləşsək, səbəblərin zəncirvarı, sonsuza qədər davam etməsi mümkün deyildir. Məsələn, qatarın son vaqonunu çəkən ondan öncəki vaqondur, həmin vaqonu çəkən də ondan bir öncəkidir və s.bunu uzatmaq olar. Bu vaqonların hamısını birdən çəkən isə lokomotivdir. Hərəkətin mənşəyi də elə odur. Çəkmək işi ona bağlıdır.
2. Başqası tərəfindən yaradılmış olan varlıq heç bir zaman yaradıcı ola bilməz. Başqa birinin yaratması ilə var olan necə ola bilər ki, hər şeyi yoxdan var etsin,
3. Zatı (əsli) qüvvə arizi ( sonradan meydana gələn) qüvvə kimi deyil. Məsələn: Qələmə nisbətən insanda bir güc, bir qüvvət vardır. Qələmi bir yerdən götürüb başqa bir yerə qoymaq olar. Lakin bir insan özü oturduğu yerdən qalxıb başqa yerə gedəndə ona “Səni kim gətirdi? Sən öz-özünə gələ bilməzsən, bu mümkün deyil” ,-demirik. Və ya “insanın başı haradadır” sualına “Bədəninin üzərində”, “Gövdəsi haradadır?” sualına “Ayaqlarının üzərində”, “Bəs ayaqları nəyin üzərindədir?” sualına isə “Dünyanın üzərində”,-deyə cavab verilə bilər. Lakin “Dünya nəyin üzərindədir?”,-deyə sual vermək olmaz. Çünki dünyanı nəyinsə üzərində dayandırmaq məcburiyyəti yoxdur.
Allahın varlığı zatındadır. O, Qaimdir (öz-özünə var olandır və var olması üçün başqa bir səbəbə, gücə ehtiyacı olmayandır (Burada bir cəhəti də unutmamaq lazımdır ki, O əzəlidir, Qaimdir, yəni sonradan var olmayıb)). “Onu kim yaratdı?”, deyilə bilməz.
4. Bu sualı verən əvvəlcə Allahın yaradan olduğunu qəbul edir, sonra da “Onu kim yaratdı”,-deyə soruşur. Beləcə, eyni cümlədə Onu həm Xaliq (yaradan), həm məxluq (yaradılan) hesab edir. Bu isə açıq-aydın ziddiyyətdir.
Bu sualda başqa bir ziddiyyət də məxluqların tabe olduqları qanunlara Xaliqin də boyun əydiyini təsəvvür etməkdir. Səbəblər dairəsində hərəkət etmək məxluqların, yəni bizim tabe olduğumuz qanundur. Biz zaman və məkanın içindəyik. Halbuki Allah zamanın da, məkanın da yaradıcısıdr. O, zamana və məkana bağlı olmaqdan çox-çox uzaqdır. Sənətkar heç vaxt onun sənət əsərlərinin içərində axtarılmaz. Bu, heykəltəraşı heykəlin içində görməyə çalışmağa bənzəyir. Bu isə mümkün deyil. Kainatın sənətkarı, zamanın və məkanın Yaradıcısı Allahdırsa, Onun bu dar çərçivədə axtarmaq düzgün deyil.
  Səbəbləri, qanunları yaradan yaratdığı qanuna boyun əyərmi? Məsələn: Batareya ilə hərəkət edən bir oyuncaq hər şeyi özü kimi düşünsə və hər şeyi özü ilə müqayisə edərək, “Mən öz aləmimdə hər şeyin batareya ilə hərəkət etdiyini görürəm, onda məni düzəldən sənətkar da batareya ilə hərəkət edən bir varlıqdır”,-desə, sizcə xəta etmiş olmazmı?
   Bütün bu cavablardan belə bir nəticəyə gəlmək olar ki, hər şeyi Allah yaratmışdır. Onun varlığı Zatındandır. O, zatında mövcüddur, Qaimdir. Hər şey Ona möhtac, O isə heç kəsə möhtac deyildir.