Tuesday, April 12, 2011

Kainatın yaranması təsadüfdürmü?

Görəsən, gördüyümüz hər şey bir təsadüf nəticəsində meydana gəlmiş ola bilərmi? Gəlin bir az düşünək. Ağ kağızda bir hərf görsək, bunu mütləq kimsə yazıb deyirik və buna inanırıq. Yaxşı, deyək ki, qeyri-ixtiyari qələm əlimizdən dəftərə düşdü və bir hərf yazıldı. Bəs onda sonra gələn hərflər? Onlar da belə yazıldı? Sonra bu hərflər necə oldu ki, ard-arda gələrək mənalı bir söz, bu sözlər bir cümlə, bu cümlələr də bir kitab meydana gətirdilər. Sözlər cümlələri, cümlələr isə kitabı. Bəlkə hərflərin ağlı var, kitabın məzmunu və nə haqda danışılacağı barəsində əvvəlcədən bilib ona görə sıralanırlar?
   Misalların sayını artıra bilərik. Daha bir misal verək.Səlimiyyə məscidi daşlardan ibarətdir. Sizcə, bu daşların ağlı var ki, nizam-intizamla düzülərək dünyanın ən gözəl məscidlərindən birini meydana gətirsin? Bunların heç biri mümkün olmadığına görə, kitab varsa, deməli, o kitabın bir yazanı da olmalıdır. Gözəl bir məscid mövcuddursa, onda mütləq belə məscidi tikən bir memar da var. Əgər bir kitab onun müəllifindən xəbər verirsə, bir məscid memarından bəhs edirsə, bir şəkil rəssamını göstərirsə, onda kainat və onun üzərindəki sənət əsərləri, əsrarəngiz təbiət də onu yaradan, ortaya çıxaran mükəmməl bir gücün, qüdrətin varlığını sübut edir. Bu güc və qüdrətin tək sahibi isə Allahdır (c.c).
   Bu yaradan eyni zamanda tək olmalıdır. “Nə üçün”, - deyə soruşa bilərsiniz? Çünki varlıqlar arasında mükəmməl bir yardımlaşmanın olduğunu görürük. Hərarəti ilə isindiyimiz günəş şüasındakı “D” vitamininin insan sümüklərinə nə dərəcədə faydalı olduğunu bilirik, lakin meyvə-tərəvəzləri yetişdirib ləziz hala gətirəni heç vaxt düşünmürük. Sizcə, günəş sümüklərimizin ehtiyacını haradan bilər? Bəs, alma ağacı, görəsən, bizim ağzımızın dadını haradan bilib ağız dadımıza uyğun meyvələr yetişdirir. Deməli, ağacı da, Günəşi də insanı da yaradan eyni varlıqdır, heç kimə və heç nəyə möhtac olmayan mükəmməl bir varlıq! Əgər hər varlıq müxtəlif tanrılar tərəfindən yaradılsaydı, belə bir uyğunluq, mükəmməllik ola bilərdimi?
   Qeyd etmişdik ki,”Quran-i Kərim”i oxuduğumuz zaman eyni zamanda ibadət edirik. Kainat da bir olduğuna görə sizcə, bu kitabı oxuduğumuz zaman da ibadət etmiş sayılmırıqmı?
   Təbii ki! Varlıq və hadisələr üzərində düşünərək onlarda Allahın müxtəlif isim və sifətlərinin təcəllilərini, əksini görmək, onları oxumağa çalışmaq özü də ayrıca bir ibadətdir. Buna “təfəkkür” deyilir. Allah-Təala “Quran-i Kərim”in bir çox ayəsində bizdən düşünməyimizi istəyir. Peyğəmbər Əfəndimiz də “Bir saat təfəkkür, bir illik nafilə ibadətdən daha xeyirlidir”(Acluni,Kəşfül-Xafa,1/310,Münavi,Feyzü’l-Qədr,4/582) buyurur, eyni fikri təsdiqləyir.
   İnsanın ilk vəzifəsi onu yaradan, yaşadan və bəxş etdiyi nemətləri ilə özünü tanıdan Rəbbini tanımaq, Ona inanmaq və Ona könüldən bağlanmaq olmalıdır. Allaha doğru şəkildə inanmaq və uca varlığını tanıya bilmək üçün onun sifətlərini öyrənməyimiz zəruridir.
(İslamın beş təməl şərtinin qısa izahı,Müxtəsər Elmihal-Osman Bilgen)