Thursday, February 17, 2011

Qüsulun fərz və sünnətləri ( doldurma və keçirmə dişlər üçün açıqlama)

Qüsulun fərzləri üçdür :

1- Ağzın içini yaxalamaq (yumaq, təmizləmək). Ağzın içində iynə ucu qədər islanmayan yer qalarsa, dişlərin üzəri və diş çuxuru  islanmazsa qüsul tamam olmaz.

2- Burunu yumaq( təmizləmək). Burundakı quru kirin altına və ya ağızdakı çeynənmiş yeməyin altına su keçməlidir. ( Haşiyə: Hanbəli məzhəbində, ağzı və burnu yumaq dəstəmazda da, qüsulda da fərzdir. Şafi məzhəbində də, qüsul edərkən niyyət etmək fərzdir.)

3- Bədənin hər yerini yumaq. Göbək içini , bığ, qaş, saqqal və altındakı dəriləri və başdakı saçları yumaq fərzdir. Dırnaqlarda, dodaq, göz qapağı və ya vücudun hər hansı bir yerində su keçirməyən maddələr olarsa ( məsələn, dırnaqda lak və s.) qüsul abdəsti tamam olmaz( alınmış olmaz).

Qüsulun sünnətləri:

1- Əvvəlcə əlləri yumaq
2- Ədəb yerlərini yumaq
3- Bütün bədəni pislikdən təmizləmək
4- Qüsuldan əvvəl dəstəmaz almaq, üzü yuyarkən qüsula niyyət etmək.  ( Şafi məzhəbində niyyət etmək fərzdir.)
5- Bütün bədəni 3 dəfə ovaraq yumaq
6- Bütün vücudu yuduqdan sonra iki ayağını yumaq.

Qüsul abdəsti necə alınır?

1- Əvvəlcə təmiz olsa da iki əli və övrat (ədəb) yerini və bədənində pislik olan yerləri yumalıdır(təmizləməlidir).
2- Sonra, tam bir dəstəmaz almalıdır, üzünü yuyarkən qüsula niyyət etməlidir. Ayaqların altında su toplanırsa ayaqları da yumalıdır.
3- Sonra bütün bədənə 3 dəfə su tökməlidir. Əvvəlcə 3 dəfə başa, sonra sağ çiyinə, sonra sol çiyinə tökməlidir. Hər tökəndə həmin tərəf tamam islanmalıdır. Birinci tökəndə ovmalıdır (ki, su daha yaxşı yerisin-təmizləsin).

Qüsulda bir üzvə tökülən su başqa üzvlərə axıdılırsa o hissə də təmizlənir. Çünki, qüsulda bütün bədən bir üzv sayılır. Dəstəmaz alarkən, bir üzvə tökülən su ilə başqa üzv islanırsa yuyulmuş sayılmaz. Qüsul qurtardıqdan sonra yenidən dəstəmaz almaq məkruhdur. Ancaq, qüsul edərkən dəstəmazı pozulmuşsa bir daha almaq lazımdır( şübhəli qalırsınızsa, yenidən almaq daha yaxşıdır).

Doldurma və keçirmə dişlər üçün açıqlama

Bəzi məzhəblərə görə dişlərin arası və diş çuxuru islanmazsa qüsul tamam olmaz. Ona görə diş doldurulduqda və keçirildikdə qüsul dəstəmazı səhih olmaz. İnsan cənabətlikdən(natəmizlik) xilas ola bilməz. Qızıl , gümüş kimi maddələrdən düzəldilən doldurma və keçirmə dişlərin altına su girməyincə bəzi məzhəblərə görə qüsul səhih olmaz (məsələn, Hənəfi məzhəbi). Əgər hənəfi məzhəbindən olan bir kəs bu çətinliyə düşərsə, Maliki və ya Şafi məzhəbini təqlid etməsi üçün qüsulda, dəstəmaz almaqda və namazda niyyət edərkən o məzhəb baxımından yerinə yetirdiyini xatırlaması yetər. İslamda çətinlik yoxdur, asanlıq dinidir.

Ona görə, əziz bacı və qardaşlarım, həkimə gedərkən öncədən qüsulunuz olsun ki, diş doldurma yaxud da keçirmədən sonra çətinliyiniz olmasın. Dırnaqlarda boya (lak) yaxud üzdə kosmetik vasitələrlə qüsul və ya dəstəmaz almaq olmaz. Öncə təmizlənməli, sonra qüsul və ya dəstəmaz alınmalıdır. Çünki, onlar dəstəmaz və ya qüsul suyunu keçirmirlər və bu vaxt qüsul və ya dəstəmaz sayılmır.

*Bu haqda daha çox məlumatı xanımlar buraya daxil olaraq (doldurma dişlər haqqında mövzunun sonunda) oxuya bilərlər.