Tuesday, April 5, 2011

Allahı nə üçün görə bilmirik?

Görmək-dərk etmək və əhatə etmək deməkdir. Məsələn, insan bədənində mikroblar var, hətta bir dişin dibində bəlkə milyonlarla bakteriya mövcüddur. Onlar əllərindəki imkan və alətlərlə insanın dişini yonmağa, çürütməyə çalışırlar. Halbuki insan nə bunların səs-küyünü eşidir,nə də varlığından xəbərdardır. Onlar da insanı tamamilə görə və qavraya bilməzlər. İnsanı görüb tam qavraya bilmələri üçün onun xaricində tamamilə müstəqil olmalı və eyni zamanda onu görə biləcək teleskop kimi bir gözə sahib olmalıdırlar. Deməli, qavraya bilməmələri görmələrinə mane olur. Onlar həmin anda qarşılarında nə varsa, sadəcə onu görürlər...

Makro aləmi bütövlükdə əhatə etmək, dərk etmək

Mikro aləmdəki misala bənzər bir misalı da makro aləmdən verək. Məsələn, fərz edək ki, bir teleskopun başında oturmuşuq. Bu teleskop işıq ili ilə dörd milyard il əvvəli göstərsə də, yenə də bizim bütün kainat haqqında məlumatımız dənizdə damla qədər olar. Bəlkə sadəcə, o teleskopla gördüyümüz sahə haqqında bəzi nəzəriyyələr əsasında da yeni-yeni nəzəriyyələr əldə edərək başqa məlumatlara yiyələnməyə səy göstərə bilərik. Lakin biz yenə də kainatın idarəsini, ümumi şəklini, möhtəviyyatını, mahiyyətini görə və yetərincə dərk edə bilmərik. Çünki mikro aləm kimi makro aləmi də tam olaraq qavramağa qadir deyilik.

Həm mikro, həm də makro aləmdə sərhəd

   Əlimizdə mikroskop, X-şüaları olduğu halda, yenə də mikro varlıqları qavrama baxımından önümüzdə sərhədlər olduğu kimi, makro aləmdə də eyni sərhədlərlə üzləşirik. İndi gəlin bir də Allahı (c.c) düşünək. Peyğəmbər  Əfəndimiz (s.a.s) buyurur ki, “Allahın kürsüsünə nisbətən, bütün kainat, yəni işıq sürəti ilə trilyon dəfə trilyon uzaqlığı olan aləmlər, çölə atılmış bir halqa kimidir”. Hədisin davamında, “Onun ərşinə nisbətən də kürsü çölə atılmış bir halqa kimidir”,-deyilir. Kəmiyyət və keyfiyyət baxımından verilmiş bu nisbətləri təhlil edəndə ortaya çıxan mənzərəyə “Bu nə dəhşətli əzəmətdir!”-deməmək mümkün deyil.
   Kainatlara nisbətən mikroskopik bir varlıq olan insanın bütün aləmləri anlaya bilmə iddiası nə cür əbəs işdirsə, elə də bütün aləmlərin Ona nisbətən mikroskopik bir varlıq halına gəldiyi əzəmətli Ərşi-əlanı qavramağı alışmaq da o dərəcə əbəs işdir. Qaldı ki, Ərşi-əla da ancaq Allahın əmrlərinin tətbiq və icra məskənidir. İndi özünüz qərar verin, verdiyimiz bu ölçülərlə Allah necə əhatə edilib, nə cür qavranıla bilər?
   Ona görə də “Qurani-Kərimdə”, “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər” (əl-Ənam, 6/103) buyurulmaqdadır.
   Bəli, gözlər Onu qavraya və əhatə edə bilməz. Görmək üçün dərk etmək lazımdır. O, bütün gözlə görünənləri, qəlblə hiss edilənləri dərk edib qavrayır, onların hər birini əhatə edə bilər, ancaq bu bəşəri gözlər Onu əsla qavraya bilməz.
 
Nur Allahın pərdəsidir

   Digər tərəfdən, nur Allah (c.c) hicabıdır, pərdəsidir. Biz bəşər olaraq nuru belə qavraya bilmirik. Peyğəmbərimizdən (s.a.s) Miracdan qayıdanda səhabələrdən biri soruşur ki, “Rəbbini gördünmü?”. O da belə buyurur: “O, bir Nurdur. Mən Onu nə cür görə bilərəm axı”. Başqa bir yerdə isə belə buyurur: “Mən bir nur gördüm.”(Müslim,H.178) Halbuki nur məxluqdur, sonradan yaradılmışdır. Allah (c.c) isə nura şəkil verən, onu formalaşdıran, təsvirini çəkəndir. Nur Allah deyildir; Onun məxluqudur.
   Nəticə olaraq deyə bilərik ki, Allah (c.c) görülə bilməz. Onun hicabı nurdur.

Hər şeyi əksi (ziddi) ilə bilinir

Hər şeydən əvvəl bunu bilməliyik ki, Allahın əksi yoxdur. Bu, çox  mühüm bir məsələdir. Bir şey ancaq əksi ilə olduğu zaman gözlə görülə bilər. İşığı görürük, çünki onun qarşısında qaranlıq var. Eynən bunun kimi, bəzi uzunluqlar haqqında da fikir yürüdə bilərik. Məsələn: “Filan şey iki metr, filan şey də üç metrdir”deyirik. Sonradan yaradılmış hər bir varlığın əksi (xəstəlik-sağlamlıq, gecə-gündüz, ucuz-baha və s.) olduğuna görə onları müqayisə edərək müəyyən şəkildə tərtib etmək mümkündür.
   Allahın nə əksi, nə də bənzəri yoxdur ki, qaranlıq işığı göstərdiyi kimi, O da əksi ilə görünsün.
   Bir də bu məsələyə maddi baxımdan yanaşaq. Görəsən, insan oğlu önünə seyrəngah kimi açılan bu kainatın neçə faizini görə bilir? Gördüyümüz şeylərin sayı haqqında konkret bir fikir deyə bilirsinizmi? Gözlə görə biləcəyimiz milyardlarla əşya bu kainat sərgisində bizim nəzərlərimizə çatdırılmış və “Buyurun, görün, ibrət alın. Yaradanı alqışlayın!” deyilmişdir. Halbuki nəzərlərimizə çatdırılanların ancaq milyonda beşini görə bilir, yerdə qalanlarını isə heç tanımırıq. Bəli, biz sadəcə müəyyən uzunluqdakı işıq dalğaları içərisinə daxil olanları görə bilirik. Buna baxmayaraq, “Mən Allahı niyə görmürəm?”,-deyən insan, sadəcə milyonda beş hissəsini gördüyü kainatın içərisinə bütün kainatı idarə edən Allahı da sığışdırmaq istəyir.