Oruc

“Bədənin zəkatı oruc tutmaqdır.

                  Oruc səbrin yarısıdır”
                                           (Hədis-i Şərif)

Oruc-ibadət niyyəti ilə dan yeri ağarandan günəşin qürubuna qədər yemək, içmək və cinsi əlaqədən  uzaq duraraq nəfsin cilovlanmasıdır.
   Oruc yemək, içmək və şəhvani arzuları cilovlayaraq dünyaya aid bağlardan qurtulma və beləcə Allaha yaxınlaşmağın ifadəsidir.
  Oruc tutaraq kimsə müsəlman, ağıllı, həddi-büluğa çatmış, sağlam olmalı, xəstə və yolçu olmamalıdır.
   Fiziki olaraq oruc tutmağa gücü çatmayanların, xəstələrin və səfərdə olan kimsələrin oruc tutmaları fərz deyildir. Ancaq bu kimsələr yenə də oruc tutmaq istəsələr, tutduqları orucları məqbuldur.

 Orucun Fərzləri

1. Niyyət etmək
2. Niyyətin ilk və son vaxtını bilmək
3. Dan yeri ağarandan günəş batana qədər orucu pozan şeylərdən uzaq durmaqdır. Orucun başlanma zamanına “imsaq”, orucu açmağa da “iftar” deyilir.

Orucun növləri

Altı növ oruc vardır:

1. Fərz
2. Vacib
3. Sünnət
4. Məndub
5. Nafilə
6. Məkruh

Fərz oruc-Ramazan orucu, Ramazan orucunun qəzası və kəffarə orucu.
Vacib oruc-pozulan nafilə orucun qəzası və nəzir orucu.
Sünnət oruc-Məhərrəm ayının doqquzuncu günü ilə bərabər Aşura günü (yəni Məhərrəm ayının onuncu günü), bazar ertəsi və cümə axşamı günləri tutulan oruclardır.
   Məndub oruc-hər ayda üç gün tutulan oruc. O üçn gün “əyyamı-biyz” yəni hicri-qəməri təqviminə aid ayların 13-cü, 14-cü, 15-ci günləri olması da məndubdur.
   Nafilə oruc-yuxarıda adı çəkilən oruclar ilə məkruh orucların xaricində tutulan digər oruclar nafilə oruclardır.
   Məkruh oruc-yalnız aşura günündə (doqquzuncu və ya onbirinci günü ilə bərabər olmadan) tutulan orucdur. Ramazan bayramının birinci, Qurban bayramının 1,2,3 və 4-cü günləri oruc tutmaq təhrimən(harama yaxın) məkruhdur.

Oruc niyyət şəklinə görə də iki yerə ayrılır.
1. Gecə niyyət edilməsi vacib olan oruclar: Ramazan orucunun qəzası, nafilədən pozulan, günə gün tutulan oruc (hər bir qəza orucu əvəzində bir gün oruc tutmaq), kəffarə orucları, zamanı məlum olmayan nəzir orucları. Bunlarda mütləq gecədən niyyət edilməlidir.
2. Gecədən niyyəti vacib olmayan oruclar: Ramazan ayında tutuıan oruc, zmanı müəyyən olunan nəzir və nafilə orucları. Bunlara gecədən niyyət etmək şərt deyildir. Gecə niyyət olunduğu kimi gündüz quşluq vaxtına qədər də niyyət edilə bilər. Ramazan günlərində istər mütləq oruca niyyət edilsin, istərsə də nafiləyə və ya başqa bir vacibə niyyət edilsin, oruc ramazan orucu sayılır.

Orucu pozan hallar

Orucu pozan hallar iki qismə ayrılır.

1. Pozulan orucun sadəcə qəzasının tutulacağı hallar.
2. Pozulan orucun həm qəza, həm də kəffarəsinin tutulacağı hallar.

Pozulan orucun sadəcə qəzasının tutulacağı hallar

1. Oruclu olduğunu xatırladığı halda, istəmədn boğazdan hər hansı bir şeyin keçməsi
2. Ağıza alınan və ya buruna çəkilən suyun boğaza qaçması. (Oruclu olduğu yadındadırsa, əks təqdirdə bunlar orucu pozmaz)
3. Niyyətin vaxtı keçdiyi halda, günortadan sonra niyyət etmək
4. Unudaraq yedikdən sonra orucu pozulmadığı halda, hər hansı bir şeyi qəsdən yemək
5. Ağıza girən qar və ya yağış suyunu udmaq.
6. İynə vurdurmaq
7. Burnuna dərman damcılatmaq
8. Qulağına yağ axıtmaq
9. Dan yerinin ağarmadığını zənn edərək sahur yemək
10.Günəşin batdığını zənn edərək iftar etmək
11.Qusuntunu ağzından çıxarmayıb  udmaq
12.Dostunun və ya həyat yoldaşından başqasının tüpürcəyini udmaq
13.Dişi qanayıb qanı, tüpürcəyindən çox və ya tüpürcəyi qədər olduğu halda udmaq.
14.Buxur (yandırdıqda xoş iy verən qətran) yandırıb tüstüsünü boğazına çəkmək.

Pozulan orucun qəza və kəffarəsinin tutulacağı hallar

1. Bilərəkdən yemək-içmək
2. Bilərəkdən cinsi münasibətdə olmaq
3. Bilərəkdən siqaret çəkmək
4. Yeməyə adət etdiyi bir torpağı və ya palçığı yemək
5. Qeybət etdikdən sonra (orucu pozuldu deyə) bilərəkdən orucu pozmaq
6. Xanımının və ya sevdiyi bir kimsənin tüpürcəyini udmaq
Yuxarıda sadalananlardan birini edən kimsə pozduğu orucu qəza edər və kəffarə olaraq da ara vermədən iki ay oruc tutar.

Orucluya məkruh olan hallar

1.  Zərurət olmadan bir ey dadmaq
2.  Zərurət olmadan bir şey çeynəmək
3. Əvvəlcədən çeynənmiş və dadı qalmamış bir saqqızı çeynəmək
4. Öpmək
5. Kişinin həyat yoldaşı ilə sarılması və qucaqlaşması
6. Tüpürcəyi ağzında topladıqdan sonra udmaq
7. Qan aldırmaq

Orucu pozmayan hallar

1. Unudaraq yemək, içmək və cinsi münasibətdə olmaq
2. Toxunmaq və oynaşmaq və ya öpmək ilə deyil, sırf baxmaq və ya düşünməklə mənini (sperma) gəlməsi
3. Yatarkən ihtilam olmaq
4. Məninin (sperma) gəlməsi ilə nəticələnməyən öpüş
5. Gecə yatıb səhər dəli olaraq oyanmaq
6. Ağıza gələn bəlğəmi udmaq
7. Buruna gələn axıntını udmaq
8. Qulağa qəflətən suyun girməsi
9. Dişləri arasında qalan noxuddan kiçik olan bir şeyi yemək
10.Qeyri-ixtiyari ağızdolusu qusmaq
11.Sürmə çəkmək
12.Qeybət etmək
13.Gözə dərman tökmək

Oruc tutan insan...
1*İmtiyazlı bir mükafata haqq qazanır. Peyğəmbər Əfəndimiz (s.a.s) Allahın “Oruc Mənim üçündür, onun əvəzini Mən verəcəyəm” (Buxari, Savm,9) buyurduğunu xəbər verir.
2*Arzularından iradi olaraq uzaq durmaqla iradəsini tərbiyə edər.
3*Aclıq və susuzluğa tab gətirərək dözüm və səbri artar. Peyğəmbər Əfəndimiz (s.a.s) “Oruc səbrin yarısıdır”demişdir (Tərğib və Tərhib, 11.208).
4*Öz sonsuz istək və zövqlərini cilovlayar, insanlar arasında narahatçılıöa səbəb olan davranışlardan əl çəkər.
5*Dilini pis və çirkin sözlərdən qoruyar. Peyğəmbər Əfəndimiz (s.a.s) “Əgər biri sizə sataşmaq və ya sizinlə dalaşmaq istəsə, “Mən orucluyam” deyin” (Müslim, Siyam, 163) buyurmuşdur.
6*Özündən daha çox ehtiyac içində olanların halını anlayar və onların sıxıntılarını aradan qaldırmaq üçün əlindən gələni əsirgəməz.
7*İnanaraq və qarşılığını sadəcə Allahdan gözləyərək oruc tutduğu üçün keçmiş günahlarının bağışlanacaöını bilər və bundan sonrakı həyatında özünə tərtəmiz bir səhifə açar, özünü pisliklərdən, günahlardan uzaq tutar.
8*On bir ay boyunca yaşadığı gündəlik həyatının nizamını dəyişdirə bildiyini görər, beləcə özünü də yaxşı və gözəl şeylərə doğru istiqamətləndirə biləcəyini başa düşər.

Fitr sədəqəsi
                      Fitrə
   Ramazan bayramına qovuşan və əsas ehtiyaclarının xaricində nisab miqdarı mala (Nisab zəkatın vacib olması üçün dinin qoyduğu bir ölçüdür ki, bu da şəxsin borcundan xaric 85 qram qızıl, 595 qram gümüş və ya bunların qiymətinə bərabər pul və ticarət malına sahib olmaqdır.) sahib olan müsəlman özləri məsul olduqları kimsələr üçün yerinə yetirməklə mükəlləf olduqları maddi bir ibadətdir. Fitrə sədəqəsi vermək vacibdir. Fitrə sədəqəsi zəkatın verildiyi yerlərə də verilə bilər.
Ø  Fitrə sədəqəsi Cənabı Allahın şəxsə və həmin şəxsin məsul olduğu kimsələrə lütf etdiyi həyat və bədən nemətinə qarşı bir şükrün ifadəsidir. Fitrə sədəqəsinin vacib olması üçün oruc tutmaq şərt deyildir. Oruc tutmayan və tuta bilməyənlərin də fitrə verməsi vacibdir.
Ø  Fitrə Ramazan ayı girəndən etibarən verilə bilər. Yoxsulların ehtiyaclarının qarşılanması üçün bayramdan bir-iki gün əvvəl vermək daha gözəl bir davranışdır.
Ø  Fitrəni bayramın birinci gününədn sonra vermək yaxşı deyildir. Bununla bərabər əgər bayramdan sonraya qalarsa, ondan ilk fürsətdə vermək lazımdır.
Ø  Fitrə sədəqəsi buğda, arpa, xurma və kişmiş olmaq şərti ilə 4 növ qida maddəsindən verilə bilər. Buğdadan yarım sa (3,350 kq. lıq bir ölçü), digərlərindən 1 sa fitrə verilir.
Ø  Fitrə sədəqəsi bir ibadətdir. İbadətlərdə də niyyət şərtdir. Buna görə də fitrə verərkən niyyət etmək lazımdır. Fitrə verilərkən niyyət edildiyi kimi, verilən miqdarı əvvəlcədən ayırarkən də niyyət edilə bilər. Niyyət-fitrənin Allahın rizası üçün verdiyini qəlbən təsdiq etməkdir. Fitrəni verərkən “bu fitrədir” deməyə ehtiyac yoxdur. Hər cür ehtiyacı ödəyə bildiyinə görə fitrə sədəqəsini pul şəklində vermək daha yaxşıdır.

Ramazan Orucu kəffarəsi

   Ramazan orucunu qəsdən və ya hər hansı bir üzrlü səbəb olmadanpozduqda iki ay dalbadal kəffarə orucu tutmaq lazımdır. Bu xüsus müxtəlif hədislərdə bildirilmişdir:
   Əbu Hüreyrənin (r.a) rəvayət etdiyi bir hədisdə belə buyrulmuşdur:
Bir adam Rəsulullahın hüzuruna gələrək:
-Məhv oldum,-dedi.
Peyğəmbər Əfəndimiz (sas):
-Səni məhv edən şey nədir?
-Ramazanda xanımımla əlaqəyə girdim.
-Kölə azad edəcək qədər mal tapa bilərsənmi?
-Xeyr!
-İki ay dalbadal oruc tuta bilərsənmi?
-Xeyr!
-Altmış yoxsulu doyduracaq miqdarda mal tapa bilərsənmi?
-Xeyr!
   O adam suallara belə cavab verərək əyləşdi. Bu zaman Peyğəmbər Əfəndimizə (sas) bir səbət  xurma gətirildi.
   Peyğəmbər Əfəndimiz(sas) bu xurmaları həmin adama uzadaraq:
-“Bunları sədəqə olaraq ver”, -dedi.
Həmin adam:
-“Bizdən daha çox yoxsul olan var ki? Mədinənin şərqi və qərbində qara daşlıq yerlər arasında bizdən daha möhtac bir ailə yoxdur,” –dedi.
   Buna cavab olaraq Əfəndimiz(sas) ürəkdən gülümsəyərək dedi: -“Get bunları ailənə yedizdir”.

  Qəza oruclarını qısa günlərdə tutmağın mənəvi yöndən bir zərəri varmı?

Qəzaya qalmış oruclar qısa və ya uzun günlərdə tutula bilər və bununla insan mükəlləfiyyətdən aza olar. Lakin qəza oruclarını, xüsusilə qısa günlərdə tutmaq, əzmi tərk edib ibadət ağırlığından qaçmaq kimi xüsusları ağıla gətirə bilər.
   Halbuki ibadətlərdə əsas olan ehtiyatdır, rüxsətlə (icazə) deyil, əzmlə əməl etməkdir.

Oruclu ikən misvaqdan (Erak ağacından hazırlanan diş fırçası) istifadə etməyin bir zərəri varmı?

İslam alimləri orucu poza biləcək hər şeydən uzaq durmağın lazım gəldiyini dəfələrlə söyləmişlər və bu məsələ üzərində ciddi şəkildə dayanmışıar. Misvaq istifadə baxımından zərərli deyildir. Lakin istifadə zamanı ağız suyuna qatışaraq boğaza getmək ehtimalı çox olduğuna görə bu səbəbdən ondan istifadə etməmək məsləhətdir. Bu mövzu ilə əlaqəli bəziləri günortadan əvvəl, günortadan sonra və ya quru misvaq, yaş misvaq şəklində bölgü apararaq günortadan əvvəl istifadənin uyğun olduğunu, günortadan sonra isə uyğun olmadığını və quru misvaqın uyğun, yaş misvaqın isə yenə uyğun olmadığını söyləmişlər. Halbuki orucun pozulmasına səbəb ola biləcək ünsürlər hər dörd halda da var. Bu səbəblə ehtiyat üçün oruclu ikən misvaqdan heç istifadə etməmək daha məsləhətlidir.

Diş çəkdirmək orucu pozarmı?

Diş məkdirmək orucu pozmaz. Əgər diş çəkdirilən zaman iynə vurularsa, o zaman oruc pozular. Dişdən çıxan qanı udmaqla da oruc pozular. Ramazan orucu tutan kimsə iynə vurdurarsa və ya dişindən çıxan qanı udarsa, orucu pozular. Günə gün olmaq şərti ilə qəza tutmaq gərəkdir. Bu səbəblərdən pozulan oruc üçün kəffarə orucu tutmağa ehtiyac yoxdur.

 Yalan, qeybət, harama baxmaq kimi günahlar orucu pozarmı?

Hədisi-şərifdə “Qeybət etmək, söz gəzdirmək, yalan yerə and içmək, naməhrəmə şəhvət hissi ilə baxmaq orucu pozar” deyilmiş olmasına baxmayaraq, İmam Azam Həzrətləri bu hədis-i şərifi açıqlamış və “Bu günahlar orucun savabını pozar, səhihliyini pozmaz, oruc məkruh olar” buyurmuşdur. Yəni bu günahları işləyən oruc borcundan qurtulsa da, oruca xas olan böyük savabdan məhrum qalar. Unutmaq lazım deyil ki, Əfəndimiz (sas) bir hədisində belə buyurmuşdur. “Elə oruc tutanlar vardır ki, onlar oruclarından aclıq və susuzluqdan başqa bir şey əldə etməzlər” (İbn Macə-1690).
   Mömin hər zaman harama baxmamaq üçün cəhd göstərməlidir. Bacardıqca gözünü harama qarşı yummalıdır. Çünki Əfəndimiz (sas) hədislərinin birində belə buyurur: “Harama baxmaq şeytanın zəhərli oxlarındandır. Allahdan qorxub bunu tərk edənə Allahu Təala elə bir iman verər ki, şirinliyini qəlbində dadar.” (Ramuzul-ahadis)
   Bununla bərabər, oruclu dilini də qorumalıdır. Yenə Əfəndimiz (sas), “Oruc atəşə qalxandır. Qeybətlə parçalanmadıqca qoruyar. Oruclu cahillik edib pis söz söyləməsin! Biri ona sataşarsa, “Mən orucluyam” desin!” (İbn Hibban və Əl-Hakim rəvayət etmişdir) buyuraraq bu məsələyə işarə etmişdir. Söz orucu pozmaz.
   Gözümüzü və dilimizi günahlardan qoruduğumuz kimi, qulağımızı da qorumalıyıq. Haram olan şeyləri danışmaq və dinləmək haramdır. Əl, ayaq və digər üzvlərimizi də haramdan qorumalıyıq!Oruc tutub əzaları ilə günah işləyən dərman yerinə zəhər içmiş xəstəyə bənzəyir. Çünki günah zəhərdir. İbadətlərimizin savabını yox edir. Onun üçün oruclarımızın və digər ibadətlərimizin savabını haram işləyərək azaltmamalıyıq.

   Kosmetik vasitələrdən istifadə və saqqız çeynəmək orucu pozarmı?

©   Buruna sürtülən qatı dərman orucu pozmur, lakin maye halında olan dərman isə pozur.
   ©   Jele, krem, dezodrantlar da orucu pozmur.
   ©   Dodaq boyasının oruca zərəri yoxdur. Lakin dodaq boyasını yemək orucu pozar. Pozulan orucun da qəzasını tutmaq lazımdır.
  ©   Vücuda viks və ya başqa məlhəm sürtəndə oruc pozulmaz.
  ©   Bronxial-astma xəstəliyi zamanı istifadə edilə qazı boğaza buraxmaq eynilə siqaret tüstüsü kimi orucu pozar.
 ©  Şəkərli və ya şəkərsiz saqqız çeynəmək olmaz. Məkruh olduğunu söyləyənlər olsa da çeynəməmək daha məsləhətdir.
©  Orucu qəzaya saxlamamaq məqsədi ilə heyzi dərmanla gecikdirmək mümkündür(caizdir), lakin buna ehtiyac yoxdur.
©  Müşk, qızılgül və gülab qoxulamaq oruclu üçün məkruh deyildir. Çiçək, ətir qoxulamaqla oruc pozulmur, məkruh da deyildir (təbii olmayan ətirlərin məkruh olduğu da söylənmişdir).

Diş məcunu orucu pozarmı?

Diş fırçalayan zaman diş məcunundan istifadə etmək oruclu ikən məkruhdur. Məcunsuz fırçalamağın oruca heç bir zərəri yoxdur. Bununla  bərabər boğaza suyun getmə ehtimalı çox olduğuna görə fırçalamamaq daha məsləhətdir. Məcunla fırçalamaqla da oruc pozulmur, məkruh olur. Lakin məcun udularsa və ya su boğaza gedərsə, oruc pozular və qəzasını tutmaq lazım gələr.