Saturday, May 14, 2011

Sahibinin məqsədi

Üç tənbəl dost iş axtarmağa başlamışdı. Əslində niyyətləri iş axtarmaq deyildi. Onlar arzu etdikləri kimi yaşamaq istəyir, əzab-əziyyət çəkməyi, işləməyi sevmirdilər. Nə işləməyi sevir, nə də iş axtarırdılar. Bəzən də onları bu cür qəbul edən birini tapırdılar.
  
Hər birinin özünə xas xüsusiyyətləri vardı. Və elə bilirdilər ki, həyatda ən vacib şey onların bu xüsusiyyətləridir.
  
“Axşam görüşərik!” deyib ayrıldılar və axşama qədər şəhəri avara-avara gəzdilər. Amma nə bir fabrikin, nə də mağazanın qapısından girərək işə müraciət etmədilər. Buna vaxtları yox idi. Çox məşğul idilər.
  
Ertəsi gün daha səy göstərirdilər. Boş mədələri, soyuq qış gecələri “Başınızı girləyəcək bir yer tapın,” –deyirdi. Bu səsi titrəyən iliklərində duydular.
  
Əvvəlcə dostlardan biri bir mağazanın qapısından girdi. Sağına-soluna baxıb qəti addımlarla irəli gəldi. Kimsə: “Buyurun!” dedi. “Yəqin mənim dəyərimi anladı” deyə fikirləşdi.
-Buyurun. Nə lazımdır?
-Mən, şey...Bilmirəm necə deyim. Yəqin siz də başa düşdünüz ki, mənim qeyri-adi qabiliyyətlərim var. İstəyirəm sizin iş yeriniz bu qabiliyyətlərdən faydalansın. Buna sizin dilinizdə “iş axtarmaq” deyirlər. Amma, belə deməsəm daha yaxşı olar. Əslində də siz məni axtarırsınız, ancaq bunu özünüz də bilmirsiniz.
  
   Yaşlı məmur onu qəribə baxışlarla süzdü, “axmağın biridir, qovum getsin” –deyə düşündü.
  
   Elə bu vaxt mağaza müdiri gəlib çıxdı. Onların yanından keçərkən soruşdu:
-Cavan oğlan nə üçün gəlib?
-İş axtarır, cənab. Özəl qabiliyyətləri varmış. Əslində biz onu axtarırmışıq, amma heç özümüzün də xəbəri olmadan.
-Doğrudan? Allah Allah...Axır ki, biz də axtardığımızı tapdıq. Siz nə iş görə bilirsiniz?
-Bilirsiniz, mən çox gözəl yata bilirəm.
-Ooo...Bu çox gözəl qabiliyyətdir. Yəqin ki, sən buna görə çox pul istəyərsən.
-Əlbəttə.
-Mənim mağazamda işləmək üçün yəqin ki, ən az beş yüz manat istəyərsən.
-Elə mən də o qədər istəyəcəkdim.

Müdir hirsindən özünü saxlaya bilmədi və məmura dedi:
-Qov bu axmağı burdan. Gör səhər-səhər nə ilə məşğul oluram.
  
   İkinci tənbəl dost da demək olar ki, eyni hadisə ilə rastlaşdı. O, iş axtardığı fabrikdə müdirə:
-Mən çox gözəl yemək yeyə bilirəm, -deyə etiraf etdi.
   Əvvəlcə fabrik müdiri:
-Bunu eləsən sənə yeddi yüz manat verərəm, -demiş, daha sonra isə onu fabrikdən qovmuşdu. Bütün bunlar o qədər ani olmuşdu ki, o, nə baş verdiyini belə anlamamışdı.
  
   Üçüncü tənbəl dost isə bir başqa fabrik sahibinə “çox yaxşı əylənə bilirəm” demişdi. Min manat qazanmaq istəyərkən min söyüş eşitmişdi.
   Axşam evə qayıdanda üçü də çaş-baş qalmışdı. Halbuki əllərindən gələni eləmişdilər. Axı niyə bu insanlar onları anlamırdılar. Ertəsi gün əzm və qətiyyətlə yenidən iş axtarmağa başladılar. Günlərlə çalışdılar. Amma heç kim yemək, yatmaq və əylənmək üçün onları işə götürmürdü. Aclıqdan taqətsiz qalıb, soyuqdan xəstə və pərişan olmuşdular.
   Nəhayət, bir gün arzularına çatdılar. Üçünə də “Hə” deyən biri tapıldı. İş görüşməsinə getdilər və gördülər ki, üçünü də işə götürən adam eynidir. Bu adam onların ac və səfil hallarına acıyıb onları işə götürdü. “Bəlkə ağıl sahibi olarlar” –deyə onlara möhlət verdi və yanına çağırıb dedi:
-Baxın, bura mənim fabrikimdir. Mən sizi ehtiyacınız olduğu üçün işə götürürəm. Yoxsa, mənim nə sizə, nə də qabiliyyətlərinizə ehtiyacım var.
   Unutmayın ki, heç kim kimisə yesin, yatsın və əylənsin deyə işə götürməz. Mən toxuculuqla məşğulam və mənim niyyətim parça toxumaqdır. Burada işlədiyiniz müddət ərzində sizin niyyətiniz də bu olmalıdır. Başa düşdünüzmü?
   Bir şey başa düşmədilər.
-Nə isə, ustalarınız sizi başa salar, - dedi.
   Hər biri bir ustaya əmanət edildi. Bəzən başqa məqsədləri oldu, doğru olmayan yollarla getdilər, bəzən yaxşı niyyətlə olsa da həkimliyə, mühəndisliyə həvəsləndilər. Yenə narahatçılıq oldu, müdirin məqsədi xatırladıldı. “Yaxşı işlər görmək istəsəniz də əsas məqsədinizi unutmayın” dedilər. Xəstəxanada parça toxumaq, fabrikdə əməliyat etmək olmaz.

    Nəhayət, dostlardan ikisi doğru yola gəldi, ağıllandılar və o biri dostlarının da doğru yola gəlməyi üçün çalışmağa başladılar.
                     
                                   *   *   *
  Kainat Allahın bir fabrikidir. Allah (c.c) insanları yesinlər, yatsınlar, əylənsinlər deyə yaratmamışdır.

   Hər fabrikin bir məqsədi var. Fabrik sahibinin məqsədi oradan işləyənlərin məqsədi ilə eyni olmalıdır.

   Görülən işlər doğru olsa da, əsl məqsədin önünə keçməməlidir. Hər şey əsl məqsədə xidmət etməli, digər işlər əsl məqsəddən sonra gəlməlidir.

   Böyük şəxsiyyətlərdən birinin ifadəsi ilə: “Dünya bir mehmanxanadır. İnsan isə orada müvəqqəti qalacaq. Eyni zamanda öhdəlikləri çox olan bir qonaqdır. Və bu qısa ömür ərzində əbədi həyatı üçün vacib olan ehtiyacları tədarük etməklə vəzifələndirilmişdir”.

   İnsanın vəzifəsi Rəbbini tanımaq və Onun yer üzərində həssas tərəzilərə malik xəlifəsi olaraq bir kitab kimi yazılmış kainatı oxumaq, sənətini incələmək, özünün təşəkkürünü təqdim edərək əbədə gedən yolu açmaq, solmayan meyvələri toplamaqdır.

   İlk iş Allahı xatırlamaq və təbliğ etməkdir. Bunu həyatın içərisində; laboratoriyada, ticarət mərkəzində, küçədə, fabrikdə, hər yerdə tətbiq etmək, iman və əxlaqla yaşamaqdır.

   Əsl məqsəd bütün həyatımıza nüfuz edərsə digər işlər asanlaşar və daha mənalı olar.

   Həkim Allahın göndərdiyi və vəzifələndirdiyi bir şəfa əli kimi; ticarətçi Onun haqq və ədalət tərəzisi kimi işləyir.


* ("Muştu" yayınları, "A şıkkı" adlı kitabın tərcüməsi "xəzər nəşriyyat"-"Vaxtı olmayan adam")

Sunday, May 8, 2011

Döymə vurdurmaq olarmı? Döymə qüsul dəstəmazı almağa və namaz qılmağa maneə törədirmi?

Hər şeydən əvvəl bu iki şeyin bir birindən çox fərqləndiyini bildirməliyik. Çünki, döymə vurdurmaq ayrıdır, döyməli vücud ilə ibadət etmək isə ayrı. Unutmamalıyıq ki, döymə vurdurmaq İslamın əsaslarına görə haramdır. Allah Rəsulu (s.a.s) ümumi mənası Allahın yaratdığı şəkli dəyişdirməyə yönəldilmiş xüsuslara münasibət bildirdiyi hədislərində "Döymə vurana da, vurdurana da Allah lənət eləsin" (Əbu Davud) buyurmuşdur.
  İslamı tədricən dərk edən bir insan bu həqiqəti daha sonralar öyrənsə, lk fürsətdə bu döymələri vücudundan çıxartmalıdır. Döymə xaç kimi batil bir din simvolu və ya əxlaqa zidd çirkin bir şəkil olmazsa, o zaman onu sildirməyə və bu cür bədənə əziyyət verilməsinə ehtiyac yoxdur. Ancaq, tövbə və istiğfarla Allahın sonsuz rəhmətinə sığınmalı və bağışlanma istənilməlidir və qətiyyən vücudundakı döymələr onun ibadətlərini yerinə yetirməsinə əngəl deyildir.
  Döymə dəri altına yeridilən rəngli bir maddə olduğuna görə dərinin üstünə suyun dəyməsinə maneçilik törətmir. Odur ki, döymələr dəstəmaz və qüsul almağa maneə sayılmaz. Döymə bunlara zərər vermədiyinə və mane olmadığına görə bu cür ibadət etməyə də maneə olmaz.
  Bundan başqa, Həzrəti Peyğəmbərimizin (s.a.s) Amr ibn Asa (r.a) söylədiyi  "İslamiyyətə daxil olmaq keçmiş günahları silib-süpürər" hədisi bu baxımdan diqqətimizi çəkir. Əsas olan odur ki, keçmiş həyatında belə xətalar işləyən şəxs peşman olsun və itirdiyi dəyərləri edəcəyi ibadətlə əldə etməyə çalışsın.

Çılpaq yuyunmağın hökmü nədir?

Hamamda çılpaq yuyunmaq haram deyil. Ancaq, fiqh alimlərinin  ortaq fikirlərinə görə məkruhdur.
   "Allah onsuz da hər şeyi görür və nəzarəti altında saxlayır", -deyərək açılıb-saçılmağın heç bir mənası yoxdur. Bu mövzuda ilk şərt ədəbə riayət etmək olmalıdır. Unutmamaq lazımdır ki, ədəb yerinə baxmaq insanda unutqanlığa səbəb olur. Biz fərqinə varmasaq da, bu hal bizdən heç ayrılmayan  Kiramülkatibeyn və ya Hafaza Mələklərinin xoşlanmadıqları haldır.


Yuxu dəstəmazı pozurmu?


Yuxu dəstəmazı pozmur. Dəstəmazı pozan yuxu əsnasında insanın özünə hakim ola bilməməsidir. Elə bu vaxt qazburaxma kimi tibbi-bioloji xüsusiyyətlərin ola bilmə ehtimalı çoxalır. Bu səbəblə də dəstəmazın pozulması haqqında hökm verilir. Burada əsas məsələ təməl prinsipi dərk etməkdir. O da insanın özünə hakim olub-olmamasıdır.


Mənəvi duyğularla ağlamaq dəstəmazı poza bilərmi?


İnsan istər ilahi duyğularla, istərsə də dünyəvi bir şey səbəbi ilə ağlasa, dəstəmazı pozulmaz, çünki mücərrəd ağlamağın dəstəmazı pozacağına dair heç bir hökm yoxdur. Ağlamaq namaz daxilində olsa necə olar? İnsan namazda ilahi düşüncələr səbəbi ilə ağlayarsa, bunun nə namaza, nə də dəstəmaza  bir zərəri olar. Əslində, bu mənəviyyatımız baxımından arzu edilən bir haldır.
   Allah Rəsulu (s.a.s), səhabələrdən birinin ifadələrinə görə, namazlarında qaynayan bulğur (yarma növü) qazanı kimi idi. O, adətən içində boyunduruqlar dönürmüş kimi hıçqırar və göz yaşı tökərdi.
   Bütün bunlardan aydın olur ki, ilahi duyğularla ağlamaq öyülən bir xüsusiyyətdir. Namazı pozan ağlama isə dünyəvi bir rahatsızlıq və xatırlama nəticəsində meydana gələn ağlamaqdır.

Cənabətli olan qüsul dəstəmazını nə zaman almalıdır

Cənabətli olan şəxs belə halda ən çox  bir namaz vaxtını ötürməyəcək qədər qala bilər. Bu son həddir. Çünki namazı keçirmək haramdır. Ona görə də belə hallarda ən əhəmiyyətli şey ilk fürsətdə qüsul alıb təmizlənməkdir.

Cənabətli ölən insan axirətə imansız olaraq getmiş sayılırmı?

Bu iki məsələni bir-birinə qarışdırmamaq lazımdır. Belə ki, imanlı olmaqla cənabətli olmaq və ya olmamaq arasında çox böyük fərq vardır. İslama görə, cənabətdən qurtulmaq üçün qüsul dəstəmazı almaq bir ibadət və bir vəzifə deyildir. Bəlkə namaz qılmaq, oruc tutmaq, "Quran" oxumaq kimi ibadətlərin ən birinci şərtlərindəndir. Bu "olmazsa olmaz",-deyə biləcəyimiz şərtlərdəndir, yəni olması zəruridir. Digər tərəfdən qüsul alması zəruri olam kimsə onu gecikdirmədən alarsa, ehtiyatlı davranmış olar, çünki əcəlin nə zaman, harada və necə gələcəyi məlum deyildir. Halbuki, bir mömin maddi və mənəvi cəhətdən hər an ölümə hazır olmalıdır.
   Buna baxmayaraq, cənabətli ikən ölən şəxs qəlbində imanı varsa, mütləq axirətə imanlı gedəcəkdir. Uhud döyüşündə cənabətli  olaraq şəhid olan Hanzala ibn Amr (r.a) Peyğəmbər Əfəndimizin (s.a.s) bildirdiyinə görə mələklər tərəfindən yuyulmuş və bu səbəbdən "qasilətul-məlaikə"-mələklərin yuduğu insan adı ilə tarixə düşmüşdür.
* İslamın beş təməl şərtinin qısa izahı-Müxtəsər Elmihal, Osman Bilgen

Şeytanın yaradılmasının və insanları yoldan çıxartmağına yol verilməsinin hikməti nədir?

a) Şeytan yaradılmasaydı, insanın yaradılmasının bir hikməti olmazdı. Bunu unutmamaq lazımdır ki, Allahın qətiyyən günaha girməyən və şeytanın vəsvəsəsinə məruz qalmayan mələklər kimi bir çox məxluqatı var. Allah insandan fərqli bitki və heyvanlar yaratdığı kimi ilahi sənəti mələklərdən fərqli şəkildə öz üzərində təcəlli etdirən insanları yaratmışdır. Allah insanın mahiyyətindəki istedad toxumlarının inkişaf etməsi üçün önünə bir hərəkətverici qüvvə, inkişafına səbəb olacaq şeytan və xəbis ruhları çıxarmışdır. Lakin təkəbbür və üsyan duyğularını insanlara təlqin edən şeytan gördüyü bütün şər işləri şüurlu olaraq edir.
Şeytan insanı qovan rəqib marafonçuya bənzəyir. İnsan hədəfə varmaq, zəfər əldə etmək, onu hər zaman izləyən bu əzəli rəqibini aşa bilmək üçün onu daima geridə qoymalı və ondan irəlidə olmalıdır. Əgər insanın belə hərəkətverici bir rəqibi və düşməni olmasaydı, o bu dünya yarışında yarışa bilməz və nüvə şəklindəki istedadlarını qətiyyən inkişaf etdirə bilməzdi. Daha aydın desək, içində toxum halında olan qabiliyyətlərinin inkişaf üçün zəmin tapa bilməyəcək və nəticədə faydasız bir varlıq halına düşəcəkdi. İnsan oğlu ən ali dərəcəni və kamillik mərtəbəsini bu əzəli düşmənə qarşı apardığı mücadilə ilə əldə etmiş və Əbu Bəkirlər yetişdirmişdir. Əksinə bəşər bu mübarizədəki acizliyi və iradəsizliyi ilə də Əbu Cəhillərin yetişməsinə səbəb olmuşdur.
b) Şər iş şeytanın yaradılışı deyil, pna tabe olub şər iş görməkdir. Necə ki, cinayətdə işlədilən bıçaq və ya silah deyil, cinayəti törədən əllər əsas səbəbkar olaraq göstərilir. Şeytan da insanın gördüyü şər işlərdə bir vasitə və alətdir, əsl günahkar isə bu aləti istifadə edən əldir. Bəli, nəfs və nəfsə uyan iradə şeytani təlqinlərin təsiri altında bəzi şər işlər törədir, lakin unudulmamalıdır ki, bütün mənfi nəticələrin əsas səbəbi şeytan deyil, insandır. Şeytan və şər ruhlar bəsit səbəbdir. Həqiqi xəstəlik isə insanın iradəsindədir. İnsanlar şeytanla deyil, öz zəif iradələri ilə şər işlər  görürlər.
c) İnsan hər şeyi öz dar düşüncəsinə və əlində olan kiçik səbəb və nəticələrə görə dəyərləndirməyə meyillidir. Halbuki, Allah (c.c)  ümumi nəticələrə və faydalara baxar və ona görə yaradır. Məsələn, əlimizi oda tutsaq, sözsüz ki, əlimizi yandırar. Buna görə atəşə “heç bir xeyri yoxdur, zərərlidir”,-deyə bilərikmi? Əlbəttə ki, yox. Əslində hər bir nemətə “xeyirli” və “zərərli” damğasını vuran şəxsən biz insanlarıq. Cüzi zərərlərə görə ümumi xeyirlərə zərərlidir demək düzgün deyil. Dünyada hər bir nemət belədir. Allah yaradanda ümumi nəticələri nəzərə alaraq yaradır. Şeytanın yaradılışı da ümumi nəticələrə baxır. Əbu Cəhlin iradəsi ilə cəhənnəmə yuvarlanmasında və Əbu Bəkrin (r.a) timsalında minlərlə övliya və kamil möminlərin cənnətə layiq görülməsində də şeytanın rolu vardır.
d) Cüzi zərərlərinə görə, elektrik və yağışa “kaş olmayaydılar”,-deyə  bilmədiyimiz kimi, şeytana da “niyə yaradıldı?”,-deyə bilmərik. Bədənin ümumi sağlamlığını qorumaq üçün cüzi qanqrena olmuş əl və ya qol kəsilir. Eləcə də gətirdiyi böyük nəticə və faydalara görə, şeytanın varlığına da qarşı çıxmamalıyıq. Əsgərlərimiz həlak olur deyə “əsgərlik peşəsini qaldıraq, döyüşə getməyək”,-deyə bilərikmi? Əlbəttə ki, xeyr. Çünki bunu söyləmək gülüncdür. Bunun kimi, şeytanların bəzəyib-düzəməklə bizdən aldıqları Peyğəmbərimizin (s.a.s) iman adına qazandırdıqlarının yanında mində bir nisbətdə belə deyildir. “Necə olur? Axı şeytanın oyunları üzündən minlərlə insan cəhənnəmə gedir” deyilə bilməz? Çünki, mömindəki keyfiyyət, kafirdəki kəmiyyətdən həm daha önəmli, həm də üstündür. Bir insanın həyatı daha önəmlidir, yoxsa min böcəyin: Min xurma toxumundan 11 dənə ağac yetişib, geridə qalanları çürüyəndə, min toxuma sahib olmaqmı daha xeyirlidir, yoxsa 989-nun çürüməyinə baxmayaraq, 11 xurma ağacına sahib olmaqmı?

Tuesday, April 12, 2011

”Quran-i Kərim”in 23 il ərzində nazil olmasının hikməti nədir?

Əgər “Quran-i Kərim” 23 il ərzində enməyib, bir anda ensəydi, o zaman “Nə üçün “Quran-i Kərim” birdən-birə endi, hissə-hissə enmədi?”,-deyə soruşulacaqdı. Bu kimi məsələlərdə əsas olan Haqqa təslim olmaq və Onun təqdirini yerində görməkdir. Yoxsa, hər məsələdə buna oxşar suallar verilməyə başlanar: “Günorta namazı nə üçün 10 rükətdir? Cümə namazı niyə cümə günü qılınır, zəkat niyə 40-da birdir, 41-də bir deyil” və s. bu kimi sualların ardı-arası kəsilməz və bu cür suallar zənciri sonsuza qədər uzanar. Onun üçün də bütün bunların bir ibadət sirri olduğunu bilməyimiz lazımdır. Bununla yanaşı, namazın bizə məlum olan bir çox  hikmətləri vardır. Əlbəttə ki, fərdin gündə beş dəfə Mövlasının hüzuruna gəlməsi Allah tərəfindən məsləhət görülmüşdür və bunda bir çox faydalar vardır. Amma rükətlərin sayına gəlincə, vitr 3 rükət, axşamın fərzi 3 rükət, əsrinki isə 4 rükətdir. Bu saylar Allah tərəfindən müəyyən edilmişdir.
   Əgər bizə deyilsəydi ki, “Növ və şəkillərini özünüz müəyyənləşdirmək şərtilə gündə beş dəfə ibadətlə vəzifələndirilmisiniz”. O zaman biz rükətlərin sayları ilə bağlı müxtəlif fikirlər yürüdə bilərdik. Təbii ki, gündəlik işlərimizə, yaşayış şərtlərimizə uyğun hər kəs bir şəkildə düşünərdi. Rükətlərin sayının təyin edilməsində, əlbəttə ki, ağılın yolu başqa, vəhyin yolu başqadır. Vəhyin yolu, əlbəttə ki, daha məqsədəuyğundur. Başqa sözlə, burada namazın hikmətləri araşdırılır, rükət sayları deyil.
   “Quran- Kərim”in 23 il ərzində enməsinin də bu cür hikmətləri vardır. Bundan əlavə, “Quran-i Kərim”in nazil olduğu dövr bəşərin kamal üz tutduğu dönəmdir. Onun üçün ən kamil Nəbi gəlmişdir. Bəli, yer üzünə kainatın Pnun hörmətinə yaradıldığı Həzrəti Məhəmməd (s.a.s) gəlmişdir. Onun qövmünə edəcəyi şey, o dpvr üçün ən kamil, ən mükəmməl olmaq, təkamülün pilləkənlərini sona qədər qət etmək, mədəni millətlərə müəllimlik etmək idi. Halbuki o günə qədər onların sahib olduqları pis əxlaq və xoşa gəlməyən xasiyyətlər, ruh və damarlarına elə işləmişdi ki, bunları bir-bir söküb atmaq və yerlərinə gözəl əxlaqı, fitrətlərinə gözəl xasiyyətləri yerləşdirmək ayrı-ayrı işlərdi.
   “Quran” əgər bir anda bütün əmrləri ilə birdən-birdən onların qarşısına çıxsaydı, altından çıxa bilməzdilər.
   Əslində, belə bir hal insanlığın kamilləşməsi və kamilləşmə yolunda təqib etməli olduğu prinsiplərə də zidd olardı.
   Yaşadığımız müasir dövrdən misal çəkərək fikrimizi daha da aydın izah edə bilərik. Gəlin, bəzi siqaret çəkən, içkiyə qurşanan və ya küçələrdə gəzmə xəstəliyinə tutulan, yaxud da kafedə oturma alışqanlığı olan kimsələri düşünək. Bunlara “dost, kafeyə getsən ölərsən”,-desəniz, o yenə də bir çox bəhanələr uyduraraq getməyə davam edəcəkdir. Əgər bir gün kafeyə getməyib evdə qalsa, evində bir küncə çəkiləcək, ah-uf edəcək və fürsət tapan kimi yenə kafenin yoluna üz tutacaqdır. Çünki, artıq alışdığı həyat tərzi dəyişmişdir. Halbuki o, lüzumsuz bəsit bir adətini tərk etmişdir.
   Siqaret və ya tiryəkə aludə olmuş bir adama deyirsiniz ki: “Səhhətinə zərərli olan bu siqareti tərgit. Çünki sənin siqaret çəkməyin yavaş-yavaş intihara getməkdir. Sanki əlindəki xəncəri birdən-birə deyil, yavaş yavaş sinənə saplayır və ahəstə-ahəstə intiharı tamamlamış olursan”. Hətta bunu bir həkim vasitəsi ilə söyləsəniz, yəni həkim desə ki, “siqaretdə heç bir fayda olmadığı halda, bir çox zərərlər var.” Bu adam siqareti tərgitmək üçün bir xeyli tərəddüt keçirəcəkdir.
   Beləcə, insanıara onların qanına və damarlarına işləmiş adətləri tərgidən “Quran”ın enməsindəki mərhələləri düşünün.
   Bəli, əvvəla tikanları kəsib “tarlanı” hazırlayır, pis şeyləri təmizləyərək saflaşdırır. Yəni pis xasiyyətləri onların ruhlarından çıxararaq, gözəl xasiyyətləri gətirib yerləşdirir və qısa bir vaxtda minlərlə iş görür. Buna görə biz belə düşünürük ki, “Quran-i Kərim”in 23 ilə nazil olması çox qısa müddətdir.
   Nur müəllifinin dediyi kimi: “Görəsən, bu əsrin filosofları Əfəndimizin (s.a.s) dövründə yaşasaydılar, çalışsaydılar o zamana nisbətən o Zatın bir ildə etdiyinin yüzdə birini yüz ildə edə bilərdilərmi?” Budur, meydan oxuma! İçkidən minlərlə evin yıxıldığı göz qabağındadır. “Yaşıl Ay” cəmiyyəti hər il konfranslar və müxtəlif fəaliyyətlər təşkil etməkdədir. Bu təşəbbüsü genişləndirərək orta məktəblər və liseylər arasında yaymaqdadır. Bunun müqabilində görəsən neçə nəfər içkini tərgitməkdədir? Buyursunlar, bütün universitetlərin professorları bir yerdə səfərbər olsunlar, bir il çalışsınlar, görək neçə nəfərin içkini tərk etməsinə nail olacaqlar?
   23 il əlbəttə ki, çox qısa bir müddətdir. Bu baxımdan da “Quran”ın etdikləri bir möcüzədir. Bəşər Əfəndimizin(s.a.s) 23 ildə qət etdiyi məsafəni min ildə qət edə bilməmiş, edə bilməz də...
   Bir tərəfdən “Quran-i Kərim” belə pis xasiyyətlərin minlərcəsini yox etməyi hədəfə almış, digər tərəfdən də yox edilən bu pis xasiyyətlərin yerini “Quran”ın gözəl əxlaqı ilə əvəz etmək, bəzəmək vəzifəsini qarşısına məqsəd qoymuş, bütün bunları heç kimi sarsıtmadan, hürkütmədən, ruhlarını incitmədən onlara qəbul etdirmişdir. Ortaya atdığı bir çox məsələləri müxtəlif mərhələlərdən keçirərək icra halına gətirmişdir. Bu gün onların bir neçəsini praktik həyatımızın bir parçası halına gətirə bilməyimiz üçün daha bir neçə 23 ilə ehtiyac duyulacaqdır.
   Uzun bir zamanda mənimsəniləcək bir qisim əmr və qadağaların o dövrün insanının qəbul edib mənimsəyə bilməsi üçün 23 il lazım olan zaman kəsiyidir. Müəyyən edilmiş bir çox şeylərin mərhələ-mərhələ qaldırılması, bir çoxunun da ortaya çıxarılması üçün bu müddətə ehtiyac vardır. Misal olaraq deyə bilərik ki, bu müddət ərzində üç-dörd mərhələdə içki qadağan edilmiş, iki mərhələdə qız uşaqlarının diri-diri basdırılması aradan qaldırılmış, dağınıq qəbilə həyatı bir-iki həmlədə həll edilmiş və qəbilələr arasında birlik təmin edilərək kütlələr ictimai şüura yüksəldilmiş, beləcə özlərini bir cəmiyyət kimi formalaşdırma ləyaqəti qazandırılmışdır ki, bununla da bütün pis niyyətlərin tərk edilməsi, onların yerinə yüksək əxlaqın mənimsənilməsi kimi çox çətin işlər görülmüşdür. Ona görə də daha çox zamana ehtiyac duyulmuşdur.
   Digər tərəfdən, bütün bu işlər 23 ildə deyil, çox qısa bir zamanda birdən-birə görülsəydi, bu baxımdan o bədəvi cəmiyyət bu işdə dayana bilməyəcək və məhv olacaqdı. Belə bir bənzətmə edə bilərik. Məsələn, bir insan günəş şüalarının təsirinə məruz qaldığı zaman dərisində bir çox dəyişikliklər baş verir. Soyuq iqlimi olan ölkələrə aparılan zaman isə bu dəfə də ona görə bir sıra kiçik dəyişikliklər meydana gəlir, amma qətiyyən 20 mutasiya ağırlığında ciddi bir dəyişiklik birdən ola bilməz. Bu cür fiziki dəyişikliklərdə canlı öldüyü kimi, bunda da belə olur. Bu sanki bir atmosfer təzyiqi altında dayanan birinin birdən-birə 20 min km yüksəkliyə çıxmasına bənzəyir ki, bu halda da insan orada dərhal ölə bilər.
   Bir anda 20 min km yüksəkliyə çıxmaq insan həyatı üçün təhlükəli olduğu kimi, həyat, ailə, fərd anlayışı sıfır dərəcədə olan bir cəmiyyətə birdən-birə “Quran”ın nazil olması da olduqca təhlükəli olardı. Ani olaraq “Budur hökmlər, onlara əməl edin! Bu kitabda olan hökmlərə hər hansında heç bir naqisliyə yol vermədən riayət edin” kimi əmrlər qarşılarına çıxsaydı, o cəmiyyətdən heç kimi bunu qəbul etməzdi. Çünki bu, birdən-birdə 20 min km yüksəlmək deməkdir ki, o cəmiyyət buna tab gətirə bilməyəcəkdi. Elə isə, “Quran-i Kərim”in hökmlərinin insanlara 23 ildə gəlməsi, mərhələ-mərhələ nazil olması insan fitrətini izləməkdə önəmli olan cəhətlərdəndir və insan təbiətinə münasib olan da budur. İnsanı kainatdan ayrı təsəvvür edə bilmədiyimizə görə, onu kainatdakı hadisələrin seyrinə görə araşdırmaq və kainatdakı inkişafların xaricində mütaliə edə bilməyəcəyimizi qəbul etmək məcburiyyətindəyik. Necə ki, kainatdakı inkişaflar yavaş-yavaş baş verir və qanunlar həmin istiqamətdə hərəkət edir, insanın yetkin olması və irəliyə doğru addımlaması da eyni şəkildə olacaqdır. O, irəliləməyin özü, əsası və prinsiplər məcmusu olan “Quran-i Kərim” də elə buna əsasən 23 ildə nazil olmuşdur. Bu, Allahın hikmətindəndir ki, bu müddəti 23 ilə qədər uzatmışdır...Bu, 24 il də ola bilərdi, 25 də. Deməli, Nəbilər Sultanının (s.a.s) müqəddəs həyatı 63 il olacaqmış və 23 il sonra həyatı sona çatacaqmış, vəhy də bitəcəkmiş. Amma 64 il də ola bilərdi, vəhy də 24 ilə çıxardı. Biz də onu eyni hikmət çərçivəsində qəbul edərdik.
(İslamın beş təməl şərtinin qısa izahı,Müxtəsər Elmihal-Osman Bilgen)

Kainatın yaranması təsadüfdürmü?

Görəsən, gördüyümüz hər şey bir təsadüf nəticəsində meydana gəlmiş ola bilərmi? Gəlin bir az düşünək. Ağ kağızda bir hərf görsək, bunu mütləq kimsə yazıb deyirik və buna inanırıq. Yaxşı, deyək ki, qeyri-ixtiyari qələm əlimizdən dəftərə düşdü və bir hərf yazıldı. Bəs onda sonra gələn hərflər? Onlar da belə yazıldı? Sonra bu hərflər necə oldu ki, ard-arda gələrək mənalı bir söz, bu sözlər bir cümlə, bu cümlələr də bir kitab meydana gətirdilər. Sözlər cümlələri, cümlələr isə kitabı. Bəlkə hərflərin ağlı var, kitabın məzmunu və nə haqda danışılacağı barəsində əvvəlcədən bilib ona görə sıralanırlar?
   Misalların sayını artıra bilərik. Daha bir misal verək.Səlimiyyə məscidi daşlardan ibarətdir. Sizcə, bu daşların ağlı var ki, nizam-intizamla düzülərək dünyanın ən gözəl məscidlərindən birini meydana gətirsin? Bunların heç biri mümkün olmadığına görə, kitab varsa, deməli, o kitabın bir yazanı da olmalıdır. Gözəl bir məscid mövcuddursa, onda mütləq belə məscidi tikən bir memar da var. Əgər bir kitab onun müəllifindən xəbər verirsə, bir məscid memarından bəhs edirsə, bir şəkil rəssamını göstərirsə, onda kainat və onun üzərindəki sənət əsərləri, əsrarəngiz təbiət də onu yaradan, ortaya çıxaran mükəmməl bir gücün, qüdrətin varlığını sübut edir. Bu güc və qüdrətin tək sahibi isə Allahdır (c.c).
   Bu yaradan eyni zamanda tək olmalıdır. “Nə üçün”, - deyə soruşa bilərsiniz? Çünki varlıqlar arasında mükəmməl bir yardımlaşmanın olduğunu görürük. Hərarəti ilə isindiyimiz günəş şüasındakı “D” vitamininin insan sümüklərinə nə dərəcədə faydalı olduğunu bilirik, lakin meyvə-tərəvəzləri yetişdirib ləziz hala gətirəni heç vaxt düşünmürük. Sizcə, günəş sümüklərimizin ehtiyacını haradan bilər? Bəs, alma ağacı, görəsən, bizim ağzımızın dadını haradan bilib ağız dadımıza uyğun meyvələr yetişdirir. Deməli, ağacı da, Günəşi də insanı da yaradan eyni varlıqdır, heç kimə və heç nəyə möhtac olmayan mükəmməl bir varlıq! Əgər hər varlıq müxtəlif tanrılar tərəfindən yaradılsaydı, belə bir uyğunluq, mükəmməllik ola bilərdimi?
   Qeyd etmişdik ki,”Quran-i Kərim”i oxuduğumuz zaman eyni zamanda ibadət edirik. Kainat da bir olduğuna görə sizcə, bu kitabı oxuduğumuz zaman da ibadət etmiş sayılmırıqmı?
   Təbii ki! Varlıq və hadisələr üzərində düşünərək onlarda Allahın müxtəlif isim və sifətlərinin təcəllilərini, əksini görmək, onları oxumağa çalışmaq özü də ayrıca bir ibadətdir. Buna “təfəkkür” deyilir. Allah-Təala “Quran-i Kərim”in bir çox ayəsində bizdən düşünməyimizi istəyir. Peyğəmbər Əfəndimiz də “Bir saat təfəkkür, bir illik nafilə ibadətdən daha xeyirlidir”(Acluni,Kəşfül-Xafa,1/310,Münavi,Feyzü’l-Qədr,4/582) buyurur, eyni fikri təsdiqləyir.
   İnsanın ilk vəzifəsi onu yaradan, yaşadan və bəxş etdiyi nemətləri ilə özünü tanıdan Rəbbini tanımaq, Ona inanmaq və Ona könüldən bağlanmaq olmalıdır. Allaha doğru şəkildə inanmaq və uca varlığını tanıya bilmək üçün onun sifətlərini öyrənməyimiz zəruridir.
(İslamın beş təməl şərtinin qısa izahı,Müxtəsər Elmihal-Osman Bilgen)