Friday, May 20, 2011

Hicab yoxsa dəvə küvəni?!

(Küvən və ya donqar- dəvənin belində olan bir və bəzilərində iki hündür piy yığını)
Dünən yol gedərkən yolun digər tərəfində "hicablı" bir xanım gördüm. Uzun geyinmişdi, ancaq hicabı tamamilə islamın şərtlərinə uyğun deyildi. Heç kim deyə bilməz ki, kim Allah qatında daha məqbuldur, ancaq islamda da örtünmənin şərtləri var. Gördüyüm hicab forması Demək olar ki, aşağıdakı şəkil kimi eyni idi. Hələ sırğaların çölə çıxardılması...bu isə başqa mövzudur.

Örtünmə, insanı zinaya götürən yolların qarşısını alan ən vacib vasitələrdən birisidir. Örtünmə fitridir, yəni yaradılışın gərəyidir.
Hamıya məlumdur ki, insan sevmədiyi insanların baxışlarından sıxılır və heç kim bu vəziyyətdə rahat dura bilməz. Ancaq, bəzi hallarda açıqlardan daha cazibəli görünənləri də görürük. Hicab təkcə saçı örtmək demək deyil.

Peyğəmbər Əfəndimizin "Ümmətimin son dönəmlərində geyimli, ancaq çılpaq qadınlar olacaqdır. Bunların başlarının üstü dəvə küvəni kimi olacaqdır. Ancaq onlar cənnətə girə bilməz, cənnətin qoxusunu belə ala bilməzlər." (Əbu Davud Libas 125, Cənnət 52)

Bu şəkildə də yuxarıdan top kimi qoyulmuş saçdırmı yoxsa başqa bir şeydirmi bilmirəm. Başqa bir şey dedim, çünki saytlardan birində bir video görüntüsü var idi. Orda stilist nümunə göstərirdi və hicabı bağlamamışdan əvvəl saça əlavə iki böyük saç broşu vurdu və üzərindən bone geyindi. Və ikinci baş kimi görüntü əmələ gəldi. Və bilirsiniz? Başqa bir saytda şərhlərdən birində "mənim qardaşım bu cür hicablıları görəndə "onlar daha gözəl görünür" deyir, demək kişilərin də diqqətini cəlb edir" deyə yazırdı.
 Səhih-i Buxari’dən sonra ən mötəbər ikinci hədis külliyatı olan Səhih-i Müslim’in Cənnət 53 bölümündə belə bir hədis rəvayət edilməkdədir:
“Atəş (cəhənnəm) əhlindən iki sinif vardır, hələ onları görmədim. (Birinci sinif) Yanlarında sığın quyruğu kimi bir şeylər daşıyıb onlarla insanlara vuran kimsələr... (İkincisi) Geyinmiş çılpaq qadınlar ki, bunlar Allah’a itaətdən çölə çıxmış olanlardır. Bunlar (həm özləri başdan çıxmışdır), həm də başqalarını başdan çıxardırlar. Başları dəvə küvəni kimidir. Bu cür qadınlar, Cənnət’ə girmək bir tərəfə dursun, onun qoxusunu belə ala bilməzlər. Halbuki Cənnət’in qoxusu bu bu qədər uzaq məsafədən hiss edilir.”

Sevimli bacılarım, bizə məsləhət vermək düşməz, ancaq bir bacı kimi Allahın əmrini və hədislərini xatırlatdım. Allahın əmri mi, yoxsa gözəllik və dəb mi? Hərçənd ki, bu gözəllik fərdi anlayış olur. Sadəlik və təmizliklə də gözəl olmaq olar. Siz nə düşünürsünüz?