Friday, January 13, 2012

Günahkar birinə "Səndən adam olmaz" demək doğrudurmu?

Allah(c.c) insanı ən gözəl şəkildə yaratmışdır. İnsan şərəfli məxluqdur, ağlı, iradəsi var. Bu Yer üzündə gördüyümüz çox şey insan üçündür.

   Əlbəttə ki, insan günahdan sığortalanmayıb. Bəzən heç fərqinə varmadan günah işləyirik. Ancaq bir həqiqət var ki, insanın insanlığı günahını anladığı anda özünü göstərir. Əgər bir insan günahından peşmanlıq duyub, tövbə edirsə, ona "Səndən adam olmaz"  demək özü günahdır. Yox, əgər günah üstündən günah işləyirsə və üstəlik, hər dəfə özünü haqlı çıxarmağa çalışırsa, bu barədə danışmağa dəyməz. Günahını boynuna alan, tövbə edən insan Həzrəti Adəmin yolundadır. Günahını qəbul etməyən, hər şeyin altından təmiz çıxmağa çalışan insan isə şeytanın yolundadır. Ona görə də, qarşısındakı insanla davrananda məhz bu amili nəzərdə saxlamaq lazımdır. Günahını boynuna alan birinə "Səndən adam olmaz" demək ona qarşı haqsızlıqdır, zülmdür.
   Peyğəmbərimiz (s.a.s) buyurur ki, günahından tövbə edən günah işləməmiş kimidir. Quran-i Kərimdə bildirilir ki, əgər insanlar heç günah işləməsəydilər, Allah onları həlak edər, günah işləyib, tövbə edən yenilərini yaradardı. Unutmayaq ki, bizim günahımız nə qədər çox olursa-olsun, Allahın(c.c) mərhəməti daha çoxdur. Bir də Allah bizə günahımız nə qədər çox olursa-olsun, Ondan ümid kəsməməyi buyurur: "Sizin günahınızmı çoxdur, yoxsa Mənim mərhəmətimmi?" Bu ilahi mesaj əslində bizə çox şey öyrədir. Ancaq o günahı bir də işləməmək gərəkdir. Hər dəfə günah işləyib "Allahın mərhəməti çoxdur" deyib yenidən o günahı işləmək nə dərəcədə doğrudur? Bu Allahın mərhəməti deyib o sözün pərdəsi altında nəfsin buyruqlarını yerinə yetirmək deməkdir.
   Bir şeyi də bildirmək lazımdır ki, ümidsizlik ancaq şeytana xas haldır. Əgər qarşısındakı insan peşman ola bilirsə, günahını boynuna alırsa, başqalarının xeyrinə yarayırsa, sən hansı haqla ondan ümidini kəsirsən? Hələ onu da demirik ki, sənin bu cür yanaşman onda ümidsizlik doğura bilər. Təbii ki, bunun da ayrı bir günah olduğu unudulmamalıdır.
   İnsanıq, hər birimizin günahı var. Ancaq bizim günahımız varsa, Allahın da mərhəməti var. Ona görə də, nə özümüzə, nə də başqalarına qarşı haqsız davranmayaq...
*Ailəm,2012