Friday, August 19, 2011

Qədr gecəsi hansı gecədir?

Qur"anın ayələrinə nəzər salmaqla məlum olur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Bəqərə surəsinin 185-ci ayəsində buyurulur:
       "şəhru ramazanəlləzi unzilə fihil Quran"
"Quran, Ramazan ayında nazil olmuşdur".
      "innə ənzəlnəhu fi ləylətil qədr"
"Biz Qur"anı Qədr gecəsində nazil etdik".
"Qədr gecəsi Ramazan ayının hansı gecəsidir?" sualının cavabına gəldikdə aşağıdakı müxtəlif nəzərlər irəli sürülmüşdür:
1-Ramazan ayının 17-ci gecəsi;
2-Ramazan ayının 19-cu gecəsi;
3-Ramazan ayının 21-ci gecəsi;
4-Ramazan ayının 23-cü gecəsi;
5-Ramazan ayının 25-ci gecəsi;
6-Ramazan ayının 27-ci gecəsi;
7-Ramazan ayının 27-ci gecəsi.
Belə ki, sadalanmış gecələrin hər birinin Qədr gecəsi olması ehtimal olunur. Əhli-beyt və Əhli-sünnə məzhəbləri arasında olan məşhur nəzərə əsasən, Qədr gecəsi Ramazan ayının axırıncı on günündədir. Necə ki, Həzrət imam Əli (r.a) nəql edir ki, "Peyğəmbərdən (s.a.s) Qədr gecəsinin hansı gecə olduğu soruşulduqda, buyurdu:
   "Onu Ramazan ayının axırıncı on günündə axtarın".(Biharul-ənvar,94-cü cild, səh-10)
   Həmçinin Həzrəti Aişədən (r.a) nəql olunur ki, Həzrəti Peyğəmbər (s.a.s) Ramazan ayının axırıncı on gecəsini ibadət və ehya saxlamaqla məşğul olurdu.(Səhihul-Buxari,3-cü cild,səh-103)
   Bu hədis də Qədr gecəsinin Ramazan ayının axırıncı on gecəsində olmasını təsdiq edir.
   Ramazan ayında Qədr gecəsinin gizli qalmasının səbəblərindən biri də bu ola bulər ki, insan çoxlu gecələri öz Allahı ilə raz-niyaz etsin və ibadətlə məşğul olsun. Allahın bu gecələrdəki hədsiz rəhmətindən daha çox bəhrələnsin.
   Qədr gecəsi o qədər qiymətlidir ki, Quran onun barəsində belə buyurur:
   "Ləylətul qədri xayrun min əlfi şəhr"
"Qədr gecəsi min aydan daha yaxşıdır."(Qədr surəsi, 97/3)
   Bildiyimiz kimi, min ay 80 ildən çoxdur. Nəticə etibarilə götürsək, məlum olur ki, insan bu bir gecədə 80 illik yolu gedə bilər. Allahın dərgahına ağlamaqla bütün günah və xətaları məhv edə bilər.
   Həmçinin, bu gecədə dua etməyə, dünya və axirət hacətləri istəməyə heç bir məhdudiyyət qoyulmur. Ümumiyyətlə, Allah-u Təala Ona dua etməyi buyurur. Ancaq, bu gecə başqadır. Boş oturmaq olmaz. Oturub qeybət etmək, televizorda mənasız şeylərə baxmaq yaxud da boş işlərlə məşğul olub da "mən qədr gecəsinə qaldım, heç yatmadım" deyənlər eşitdim. Qədr gecəsi yuxusuz qalıb yatmamaqla bitmir. İbadətlə məşğul olmaq lazımdır. Bacarırsınızsa, bütün 10 günü ibadətlə Qədr gecəsini keçirin. Bu mübarək gecədən istifadə edin. Bənzətmə etibarilə belə demək olarsa, "Qədr gecəsində əlini nəyə vursan, qızıl olar".
*məlumatlar Dini suallara cavab kitabından-Elmi tədqiqat birliyi