Saturday, August 27, 2011

Zəkat - Müsəlmanlar arasında körpü

Zəkat vermək - zəngin müsəlmanlara Allahın əmridir.
"Zəkat"ın mənası təmizləmək, pak etmək, bərəkət, çoxalmadır. Elə mahiyyəti də lüğəvi mənası kimidir. Quranda otuzdan çox yerdə zənginlərə zəkat vermək əmr olunur.
   Zəkat ildə bir dəfə ailənin ehtiyacları ödəndikdən sonra qalan gəlirin ən azı qırxda biri, yəni 2.5 faizi qədər verilir. İstəyən daha çox verə bilər.
   Bir müsəlmanın bilərək zəkat verməkdən imtina eləməsi "mənim Allaha ehtiyacım yoxdur" anlamına gəlir.
   Hər şeyin sahibi olan Allah sağlığı, sərvəti, övladı verərək insanı imtahan edir. Zəkat verməkdən imtina etmək Allahın haqqını inkar etməkdir, Onu hər şeyin Sahibi kimi görməməkdir.
   Zəkat miqdarı Allaha aiddir və Allah-u Təala onun ehtiyacı olan bəndələrə verilməsini əmr edir.
   Zəngin müsəlman malının zəkatını verərək onu təmizləyir, pak edir.
   Sizin 97.5 litr suyunuz var, o suya 2.5 litr çirkab qatın. Alınan kütlə nə qədər təmizsə, zəkatı verilməyən mal da o qədər təmizdir.
   Zəkatı verilən mala Allah bərəkət verər. Malın zəkatını vermək üzüm tənəyini budamaq kimidir. Görüntüsü, zahiri kütləsi azalar, amma bərəkəti, səmərəsi çoxalar.
   Zəkat - kasıbın zənginin malındakı haqqıdır, müsəlmanlar zəkat körpüsündə əl tutub görüşərlər.
   Zəkat verən zəkat alana minnət qoymaz, onun sayəsində bu ibadəti yerinə yetirə bildiyi üçün minnətdar olar.
   Zəkat - İslamın beş şərtindən biridir, ibadətdir.
   Zəkat verməyən müsəlman onun hesabını Allaha verər.
*Zaman,2011