Showing posts with label Ramazan. Show all posts
Showing posts with label Ramazan. Show all posts

Saturday, August 27, 2011

Ramazan bayramı və Bayram namazı

Möminin ömrü Ramazan ayı kimidir, dünyada haramlardan uzaq durar, ölümü ilə bayrama qovuşar. Mömin üçün ölüm ayrılıq deyil, sevdiyinə qovuşmaqdır.
   Peyğəmbər Əfəndimiz (s.a.s) Mədineyi-Münəvvərəni şərəfləndirərkən, xalqın ildə iki dəfə bayram edib əyləndiklərini öyrənərək belə buyurmuşdur: "Uca Allah o iki bayram əvəzinə sizə onlardan daha xeyirli iki bayram ehsan etmişdir". Sonra Əfəndimiz (s.a.s) o günlərin Ramazan bayramı və Qurban bayramı olduğunu müjdələmişdir. Ramazan bayramı üç gün, Qurban bayramı isə dört gün davam edir.
-Cümə namazı fərz olan kəslərə Ramazan və Qurban bayramı namazları da vacibdir.
-Bayram namazları iki rükətdir. Camaatla qılınır. Əzan və iqaməsiz imam iki rükət Ramazan və ya Qurban bayramı namazına niyyət edir. Camaat da iki rükət bayram namazı qılmaq üçün imama uymağa niyyət edir. "Allah-u Əkbər" deyə iftitah təkbiri alınır, hamılıqla səssiz "Sübhanəkə" oxunur. Sonra imam yüksək səslə, camaat gizlicə "Allah-u Əkbər" deyə üç təkbir alır. Təkbirlərdə əllər yuxarı qaldırılır, sonra yanlara salınar. Üçüncü təkbirdən sonra vəziyyət alınır. İmam gizlicə "Əuzi-Bismillah"ı oxuduqdan sonra hamının eşidəcəyi səslə Fatihə surəsi və Quran-i Kərimdən ayələr oxuyur. "Allah-u Əkbər" deyərək rükü və səcdəyə gedir. Camaat da gizlicə təkbir alıb imama uyur. Sonra ikinci rükətə qalxırlar. İmam Fatihə surəsilə Quran-i Kərimdən ayələr oxuyur. Yenə birinci rükətdə olduğu kimi əlləri qaldıraraq üç dəfə təkbir alırlar. Ondan sonra imam yenə aşkar surətdə, camaat isə gizlicə "Allah-u Əkbər" deyə rükuya və səcdəyə gedirlər. Sonra oturub "Tahiyyat, Salli, Barik və Rabbəna Atina" dualarını oxuyur və salam verərək namazı tamamlayırlar.
-İmam bayram namazını qıldıqdan sonra xütbə oxumaq üçün minbərə çəxər, cümədə olduğu kimi iki xütbə oxuyur. Ancaq, bayram xütbələrinə təkbirlə başlayırlar. Camaat da yavaş səslə bu təkbirləri təkrar edir.
-Bayram namazına yetişməyən kəs özbaşına bayram namazı qıla bilməz. İstəsə, dörd rükət nafilə namaz qılar. Bu, səhərlə günorta arası olan bir namazı əvəz edir və böyük savabı var.
-Bayram namazları məscidlərdə və eləcə də hər kəsin toplaşa bildiyi bir yerdə qılınır.
-Bayram günlərində erkən qalxmaq, yuyunmaq, gül yağı və bu kimi xoş ətirlər vurmaq, ən gözəl və ən təmiz paltar geyinmək, rast gələn mömin qardaşlara gülərüz göstərmək, imkan olduğu qədər çox sədəqə vermək, bayram gecələrini ibadətlə keçirmək müstəhəb və gözəl hesab edilir.
-Bayram günlərində müsəlmanların bir-birilərini təbrik etməsi, görüşüb salamlaşması, hal-əhval tutması və bir-birilərinə -"Allah bizi və sizi bağışlasın" kimi dua etməsi də gözəldir.
*Zaman, 2011

Friday, August 19, 2011

Qədr gecəsi hansı gecədir?

Qur"anın ayələrinə nəzər salmaqla məlum olur ki, Qədr gecəsi Ramazan ayındadır. Çünki Bəqərə surəsinin 185-ci ayəsində buyurulur:
       "şəhru ramazanəlləzi unzilə fihil Quran"
"Quran, Ramazan ayında nazil olmuşdur".
      "innə ənzəlnəhu fi ləylətil qədr"
"Biz Qur"anı Qədr gecəsində nazil etdik".
"Qədr gecəsi Ramazan ayının hansı gecəsidir?" sualının cavabına gəldikdə aşağıdakı müxtəlif nəzərlər irəli sürülmüşdür:
1-Ramazan ayının 17-ci gecəsi;
2-Ramazan ayının 19-cu gecəsi;
3-Ramazan ayının 21-ci gecəsi;
4-Ramazan ayının 23-cü gecəsi;
5-Ramazan ayının 25-ci gecəsi;
6-Ramazan ayının 27-ci gecəsi;
7-Ramazan ayının 27-ci gecəsi.
Belə ki, sadalanmış gecələrin hər birinin Qədr gecəsi olması ehtimal olunur. Əhli-beyt və Əhli-sünnə məzhəbləri arasında olan məşhur nəzərə əsasən, Qədr gecəsi Ramazan ayının axırıncı on günündədir. Necə ki, Həzrət imam Əli (r.a) nəql edir ki, "Peyğəmbərdən (s.a.s) Qədr gecəsinin hansı gecə olduğu soruşulduqda, buyurdu:
   "Onu Ramazan ayının axırıncı on günündə axtarın".(Biharul-ənvar,94-cü cild, səh-10)
   Həmçinin Həzrəti Aişədən (r.a) nəql olunur ki, Həzrəti Peyğəmbər (s.a.s) Ramazan ayının axırıncı on gecəsini ibadət və ehya saxlamaqla məşğul olurdu.(Səhihul-Buxari,3-cü cild,səh-103)
   Bu hədis də Qədr gecəsinin Ramazan ayının axırıncı on gecəsində olmasını təsdiq edir.
   Ramazan ayında Qədr gecəsinin gizli qalmasının səbəblərindən biri də bu ola bulər ki, insan çoxlu gecələri öz Allahı ilə raz-niyaz etsin və ibadətlə məşğul olsun. Allahın bu gecələrdəki hədsiz rəhmətindən daha çox bəhrələnsin.
   Qədr gecəsi o qədər qiymətlidir ki, Quran onun barəsində belə buyurur:
   "Ləylətul qədri xayrun min əlfi şəhr"
"Qədr gecəsi min aydan daha yaxşıdır."(Qədr surəsi, 97/3)
   Bildiyimiz kimi, min ay 80 ildən çoxdur. Nəticə etibarilə götürsək, məlum olur ki, insan bu bir gecədə 80 illik yolu gedə bilər. Allahın dərgahına ağlamaqla bütün günah və xətaları məhv edə bilər.
   Həmçinin, bu gecədə dua etməyə, dünya və axirət hacətləri istəməyə heç bir məhdudiyyət qoyulmur. Ümumiyyətlə, Allah-u Təala Ona dua etməyi buyurur. Ancaq, bu gecə başqadır. Boş oturmaq olmaz. Oturub qeybət etmək, televizorda mənasız şeylərə baxmaq yaxud da boş işlərlə məşğul olub da "mən qədr gecəsinə qaldım, heç yatmadım" deyənlər eşitdim. Qədr gecəsi yuxusuz qalıb yatmamaqla bitmir. İbadətlə məşğul olmaq lazımdır. Bacarırsınızsa, bütün 10 günü ibadətlə Qədr gecəsini keçirin. Bu mübarək gecədən istifadə edin. Bənzətmə etibarilə belə demək olarsa, "Qədr gecəsində əlini nəyə vursan, qızıl olar".
*məlumatlar Dini suallara cavab kitabından-Elmi tədqiqat birliyi