Showing posts with label hikmət. Show all posts
Showing posts with label hikmət. Show all posts

Friday, January 13, 2012

Günahkar birinə "Səndən adam olmaz" demək doğrudurmu?

Allah(c.c) insanı ən gözəl şəkildə yaratmışdır. İnsan şərəfli məxluqdur, ağlı, iradəsi var. Bu Yer üzündə gördüyümüz çox şey insan üçündür.

   Əlbəttə ki, insan günahdan sığortalanmayıb. Bəzən heç fərqinə varmadan günah işləyirik. Ancaq bir həqiqət var ki, insanın insanlığı günahını anladığı anda özünü göstərir. Əgər bir insan günahından peşmanlıq duyub, tövbə edirsə, ona "Səndən adam olmaz"  demək özü günahdır. Yox, əgər günah üstündən günah işləyirsə və üstəlik, hər dəfə özünü haqlı çıxarmağa çalışırsa, bu barədə danışmağa dəyməz. Günahını boynuna alan, tövbə edən insan Həzrəti Adəmin yolundadır. Günahını qəbul etməyən, hər şeyin altından təmiz çıxmağa çalışan insan isə şeytanın yolundadır. Ona görə də, qarşısındakı insanla davrananda məhz bu amili nəzərdə saxlamaq lazımdır. Günahını boynuna alan birinə "Səndən adam olmaz" demək ona qarşı haqsızlıqdır, zülmdür.
   Peyğəmbərimiz (s.a.s) buyurur ki, günahından tövbə edən günah işləməmiş kimidir. Quran-i Kərimdə bildirilir ki, əgər insanlar heç günah işləməsəydilər, Allah onları həlak edər, günah işləyib, tövbə edən yenilərini yaradardı. Unutmayaq ki, bizim günahımız nə qədər çox olursa-olsun, Allahın(c.c) mərhəməti daha çoxdur. Bir də Allah bizə günahımız nə qədər çox olursa-olsun, Ondan ümid kəsməməyi buyurur: "Sizin günahınızmı çoxdur, yoxsa Mənim mərhəmətimmi?" Bu ilahi mesaj əslində bizə çox şey öyrədir. Ancaq o günahı bir də işləməmək gərəkdir. Hər dəfə günah işləyib "Allahın mərhəməti çoxdur" deyib yenidən o günahı işləmək nə dərəcədə doğrudur? Bu Allahın mərhəməti deyib o sözün pərdəsi altında nəfsin buyruqlarını yerinə yetirmək deməkdir.
   Bir şeyi də bildirmək lazımdır ki, ümidsizlik ancaq şeytana xas haldır. Əgər qarşısındakı insan peşman ola bilirsə, günahını boynuna alırsa, başqalarının xeyrinə yarayırsa, sən hansı haqla ondan ümidini kəsirsən? Hələ onu da demirik ki, sənin bu cür yanaşman onda ümidsizlik doğura bilər. Təbii ki, bunun da ayrı bir günah olduğu unudulmamalıdır.
   İnsanıq, hər birimizin günahı var. Ancaq bizim günahımız varsa, Allahın da mərhəməti var. Ona görə də, nə özümüzə, nə də başqalarına qarşı haqsız davranmayaq...
*Ailəm,2012

Wednesday, December 21, 2011

Qocanın istəyini yox, ehtiyacını əsas götürün!


İnsan qocalanda uşaq kimi olur deyirlər. ətrafındakılardan qayğı umur, kiminə ərk eləyir, kimindən nəsə umur, ən adi şeylərə görə yaxınlarından küsür. Bəzən elə şeylər istəyir ki, yerinə yetirmək də çətin olur...
   Orta yaşlı bir şəxs dövrünün məşhur şeyxinin yanına gəlir və deyir:
-Ustad, Quran-i Kərimdə buyurulur ki, valideynləriniz qocalanda onlara “of” belə deməyin. Ancaq, mənim qoca atam mənə elə işlər buyurur ki, bilmirəm nə edim, necə edim ki, onun qəlbi qırılmasın.
-Atan nə istəyir, oğlum?
-Biz iyirmi ildən çoxdur ki, bu şəhərdə yaşayırıq. Çox şükür, evimiz-eşiyimiz, yaxşı şəraitimiz var. Ancaq atam son illərdə tez-tez bizi tərk edib kəndə gedir. Kişi elə bil uşaq olub. Dinib-tərpənib uşaqlığndan, gəncliyindən danışır. O kənd getdikcə ona daha da doğmalaşır, onu daha çox özünə çəkir. Bir də gördün, qışın ortasında qar demir, yağış demir, səhər yerindən duran kimi torbasını yığışdırıb düşür yola. İndi yenə kənddədir, iki gün əvvəl sifariş göndərib ki, anamı da onun yanına aparım.
-İmkanın varsa, niyə aparmırsan?
-Ustad, imkanım var, ancaq anamın səhhəti imkan vermir. Səksən üç yaşı var, iki ildən artıqdır ki, yazıq arvad yataqdan qalxa bilmir. Atam eyni şeyi ötən il də məndən tələb etdi, mən də anamı aparıb onun yanına qoyub qayıtdım. Heç bir həftə keçməmiş yenidən atamdan sifariş gəldi ki, gəl ananı apar, mənə baxmağı bir yana qalsın bunun özünə baxan lazımdır. Mən də gedib gətirdim. İndi eyni şey yenidən təkrarlanır, atam ötən ilki hadisələri unudub. İsrarla məndən tələb edir ki, anamı da kəndə aparım ki, onabaxsın. İstəyirəm xanımı aparıb atamın yanında qoyum, ancaq bilmirəm ki, o da razı olar, ya yox.
-Oğlum, xanım mövzusunda sənin haqqın yoxdur ki, onu getməyə məcbur edəsən: istəsə gedər, istəməsə getməz. Bu onun haqqıdır. Yəni sən ailə başçısı olsan da, haqqın çatmır ki, həyat yoldaşından atana xidmət etməyi tələb edəsən. Üstəlik də ev-eşiyini, balalarını burada qoyub ucqar bir kəndə getməsini tələb etməyə heç haqqın yoxdur. Ancaq yoldaşın bu təklifi könüllü qəbul edərsə, yənin sənin valideynlərinə xidmət etməyi özünə bir borc, vəzifə bilərsə, bu, onun başının ucalığıdır.
   Gərək belə xanımın dəyərini biləsən, xətrini həmişə uca tutasan. Ancaq indiki vəziyyətdə sənin qarşındakı məsələ o qədər də asan deyil. Gərək yüz ölçüb-bir biçəsən. Elə edəsən ki, birinin istəyini yerinə yetirəndə başqasının haqqını tapdamayasan.
-Mənə nə məsləhət verirsiniz, necə edim? Necə edim ki, bu imtahandan ziyanla çıxmayım?
-Yaxşı olar ki, qocaların hər istəyini yerinə yetirmək mümkün olsun. Ancaq, daha yaxşısı odur ki, qoca da gərək nə istədiyini, niyə istədiyini, kimdən istədiyini yaxşı bilsin. Əgər qocanın tələbi, istədiyi reallıqla üst-üstə düşmürsə, yəni yerinə yetirmək mümkün deyilsə, onda böyüklərimizin buyruğunu əsas götürmək lazımdır: Qocanın istəyini yox, ehtiyacını əsas götürün. Sən də məsələyə bu yöndən bax. Doğrusunu axtarsan, sənin atanın xanımına yox, onun qayğısını çəkəcək bir insana ehtiyacı var. Yaxşı olar ki, sən də məsələyə bu cür yanaşasan.
   Gələn adam bir qədər düşünür və:
-Doğru buyurursunuz,ustad – deyir, getmək üçün icazə istəyir.
   Aradan on gün keçəndən sonra həmin şəx yenidən şeyxin yanına gəlir və məsələni necə həll elədiyi barədə hesabat verir:
   Sizin yanınızdan yarılan günün sabahı kəndə yola düşdüm. Atamla görüşüb hal-əhval tutandan sonra kənddəki qohumlarımızdan birinin yanına gedib vəziyyəti açıqladım və dedim ki, atama baxmağa münasib bir adam axtarıram. Mən onun aylıq haqqını ödəyim, o da hər gün gəlib atama baxsın. Həmin qohumum mənə bir adamı isnad verdi, mən də onunla danışıb razılaşdım. Adam da uzun müddətdən bəri işsiz olduğu üçün mənim təklifimi qəbul elədi. Mən onun aylıq haqqını verdim, o da belə bir qapının üzünə açıldığı üçün dönə-dönə Allaha şükür elədi. Hətta sizin üçün də dua elədi. Dedi ki, bu fikri sənin ağlına salandan Allah razı olsun! Tərifdən xoşu gəlməyən ustadın çöhrəsinə ciddi bir görkəm gəldi və belə dedi:
-Quranın əmrlərini, Peyğəmbərimizin(sas) buyruqlarını başının üstündə tutan heç vaxt ziyana düşməz. O dediklərim mənim fikrim deyildi. Peyğəmbərimizin(sas) buyruğu idi. Sən də o buyruğu səmimiyyətlə yerinə yetirdiyin üçün belə sevinirsən.
*Ailəm,2011

Sunday, May 8, 2011

Şeytanın yaradılmasının və insanları yoldan çıxartmağına yol verilməsinin hikməti nədir?

a) Şeytan yaradılmasaydı, insanın yaradılmasının bir hikməti olmazdı. Bunu unutmamaq lazımdır ki, Allahın qətiyyən günaha girməyən və şeytanın vəsvəsəsinə məruz qalmayan mələklər kimi bir çox məxluqatı var. Allah insandan fərqli bitki və heyvanlar yaratdığı kimi ilahi sənəti mələklərdən fərqli şəkildə öz üzərində təcəlli etdirən insanları yaratmışdır. Allah insanın mahiyyətindəki istedad toxumlarının inkişaf etməsi üçün önünə bir hərəkətverici qüvvə, inkişafına səbəb olacaq şeytan və xəbis ruhları çıxarmışdır. Lakin təkəbbür və üsyan duyğularını insanlara təlqin edən şeytan gördüyü bütün şər işləri şüurlu olaraq edir.
Şeytan insanı qovan rəqib marafonçuya bənzəyir. İnsan hədəfə varmaq, zəfər əldə etmək, onu hər zaman izləyən bu əzəli rəqibini aşa bilmək üçün onu daima geridə qoymalı və ondan irəlidə olmalıdır. Əgər insanın belə hərəkətverici bir rəqibi və düşməni olmasaydı, o bu dünya yarışında yarışa bilməz və nüvə şəklindəki istedadlarını qətiyyən inkişaf etdirə bilməzdi. Daha aydın desək, içində toxum halında olan qabiliyyətlərinin inkişaf üçün zəmin tapa bilməyəcək və nəticədə faydasız bir varlıq halına düşəcəkdi. İnsan oğlu ən ali dərəcəni və kamillik mərtəbəsini bu əzəli düşmənə qarşı apardığı mücadilə ilə əldə etmiş və Əbu Bəkirlər yetişdirmişdir. Əksinə bəşər bu mübarizədəki acizliyi və iradəsizliyi ilə də Əbu Cəhillərin yetişməsinə səbəb olmuşdur.
b) Şər iş şeytanın yaradılışı deyil, pna tabe olub şər iş görməkdir. Necə ki, cinayətdə işlədilən bıçaq və ya silah deyil, cinayəti törədən əllər əsas səbəbkar olaraq göstərilir. Şeytan da insanın gördüyü şər işlərdə bir vasitə və alətdir, əsl günahkar isə bu aləti istifadə edən əldir. Bəli, nəfs və nəfsə uyan iradə şeytani təlqinlərin təsiri altında bəzi şər işlər törədir, lakin unudulmamalıdır ki, bütün mənfi nəticələrin əsas səbəbi şeytan deyil, insandır. Şeytan və şər ruhlar bəsit səbəbdir. Həqiqi xəstəlik isə insanın iradəsindədir. İnsanlar şeytanla deyil, öz zəif iradələri ilə şər işlər  görürlər.
c) İnsan hər şeyi öz dar düşüncəsinə və əlində olan kiçik səbəb və nəticələrə görə dəyərləndirməyə meyillidir. Halbuki, Allah (c.c)  ümumi nəticələrə və faydalara baxar və ona görə yaradır. Məsələn, əlimizi oda tutsaq, sözsüz ki, əlimizi yandırar. Buna görə atəşə “heç bir xeyri yoxdur, zərərlidir”,-deyə bilərikmi? Əlbəttə ki, yox. Əslində hər bir nemətə “xeyirli” və “zərərli” damğasını vuran şəxsən biz insanlarıq. Cüzi zərərlərə görə ümumi xeyirlərə zərərlidir demək düzgün deyil. Dünyada hər bir nemət belədir. Allah yaradanda ümumi nəticələri nəzərə alaraq yaradır. Şeytanın yaradılışı da ümumi nəticələrə baxır. Əbu Cəhlin iradəsi ilə cəhənnəmə yuvarlanmasında və Əbu Bəkrin (r.a) timsalında minlərlə övliya və kamil möminlərin cənnətə layiq görülməsində də şeytanın rolu vardır.
d) Cüzi zərərlərinə görə, elektrik və yağışa “kaş olmayaydılar”,-deyə  bilmədiyimiz kimi, şeytana da “niyə yaradıldı?”,-deyə bilmərik. Bədənin ümumi sağlamlığını qorumaq üçün cüzi qanqrena olmuş əl və ya qol kəsilir. Eləcə də gətirdiyi böyük nəticə və faydalara görə, şeytanın varlığına da qarşı çıxmamalıyıq. Əsgərlərimiz həlak olur deyə “əsgərlik peşəsini qaldıraq, döyüşə getməyək”,-deyə bilərikmi? Əlbəttə ki, xeyr. Çünki bunu söyləmək gülüncdür. Bunun kimi, şeytanların bəzəyib-düzəməklə bizdən aldıqları Peyğəmbərimizin (s.a.s) iman adına qazandırdıqlarının yanında mində bir nisbətdə belə deyildir. “Necə olur? Axı şeytanın oyunları üzündən minlərlə insan cəhənnəmə gedir” deyilə bilməz? Çünki, mömindəki keyfiyyət, kafirdəki kəmiyyətdən həm daha önəmli, həm də üstündür. Bir insanın həyatı daha önəmlidir, yoxsa min böcəyin: Min xurma toxumundan 11 dənə ağac yetişib, geridə qalanları çürüyəndə, min toxuma sahib olmaqmı daha xeyirlidir, yoxsa 989-nun çürüməyinə baxmayaraq, 11 xurma ağacına sahib olmaqmı?