Saturday, August 27, 2011

Sədəqə - Sədaqətin təsdiqidir

   Sədəqə deyəndə ağlımıza təkcə dilənçinin ovcuna buraxılan qəpik-quruş gəlməsin. Bir insanın könlünü almaq üçün üzünə təbəssümlə baxmaq da sədəqədir, gəlib-keçənlərə mane olmasın deyə yola düşən daşı götürmək də, yıxılan birisinin qolundan yapışmaq da...
   Sədəqə - Bəndənin Allaha olan sədaqətinin təsdiqidir. Sədəqə verənin, daha doğrusu, xoş əməl işləyənin niyyəti Allahın rizasını qazanmaq, yəni Onu xoşnud, məmnun etmək olmalıdır. Niyyət başqadırsa, əməl də sədəqə olmaz.
  Sədəqə - Allah rizası üçün verilər, yəni Allahın ehtiyac sahibi olan bəndəsinə verilər, amma qarşılığı ancaq Allahdan gözlənər.
   Sədəqə - Allaha borc verməkdir, bu dünyada verib, axirətdə qarşılığını alırsan, həm də qat-qat artığı ilə.
   Həyatını Allah rizası üçün sədəqə edənlər sadiq olurlar.
   Sadiq olmaq - nəfsinin istədiyi kimi yaşamaq deyil, Allahın istədiyi kimi olmaqdır.
   Allahın istədiyi kimi olanlar peyğəmbərlərin yanında yer alırlar.
   Göz yumub-açınca Ramazanın son günlərinə gəldik.
   Ramazan - Allahın ayıdır və Ay Sahibi buyurur ki, Onu düşünərək bu ayda oruc tutanların mükafatını Özü verəcək.
   Ramazan orucuna yeni bir dad qatan başqa bir ibadət də bu aya məxsus olan fitrə sədəqəsidir. Fitrə sədəqəsi Ramazanın son günlərində imkansız müsəlmanlara verilir ki, bayram ovqatı onların evində də yaşansın. Fitrə sədəqəsinin ən aşağı miqdarı bir müsəlmanı bir gün ərzində doyura biləcək qədərdir, yuxarısı isə istədiyin və imkanın yetdiyi qədər.
   Sadiqlərin ən Sadiqi, ən Böyüyü Allah-u Təala Həzrətləridir. O, bizim könlümüzü də bilir, niyyətimizi də və bizə dəyəri də elə niyyətimizə görə verir. Niyyət də duadır axı.
   Yetər ki, biz sadiq ola bilək və bütün həyatəməzə sədəqə- sədəqə Onun Sonsuz Mərhəmətinə təqdim edə bilək.
   O, bizi elə məmnun edər, elə sevindirər ki, düşünməyə təsəvvürümüz, söyləməyə dilimiz aciz qalar.
*Zaman,2011