Saturday, May 14, 2011

Sahibinin məqsədi

Üç tənbəl dost iş axtarmağa başlamışdı. Əslində niyyətləri iş axtarmaq deyildi. Onlar arzu etdikləri kimi yaşamaq istəyir, əzab-əziyyət çəkməyi, işləməyi sevmirdilər. Nə işləməyi sevir, nə də iş axtarırdılar. Bəzən də onları bu cür qəbul edən birini tapırdılar.
  
Hər birinin özünə xas xüsusiyyətləri vardı. Və elə bilirdilər ki, həyatda ən vacib şey onların bu xüsusiyyətləridir.
  
“Axşam görüşərik!” deyib ayrıldılar və axşama qədər şəhəri avara-avara gəzdilər. Amma nə bir fabrikin, nə də mağazanın qapısından girərək işə müraciət etmədilər. Buna vaxtları yox idi. Çox məşğul idilər.
  
Ertəsi gün daha səy göstərirdilər. Boş mədələri, soyuq qış gecələri “Başınızı girləyəcək bir yer tapın,” –deyirdi. Bu səsi titrəyən iliklərində duydular.
  
Əvvəlcə dostlardan biri bir mağazanın qapısından girdi. Sağına-soluna baxıb qəti addımlarla irəli gəldi. Kimsə: “Buyurun!” dedi. “Yəqin mənim dəyərimi anladı” deyə fikirləşdi.
-Buyurun. Nə lazımdır?
-Mən, şey...Bilmirəm necə deyim. Yəqin siz də başa düşdünüz ki, mənim qeyri-adi qabiliyyətlərim var. İstəyirəm sizin iş yeriniz bu qabiliyyətlərdən faydalansın. Buna sizin dilinizdə “iş axtarmaq” deyirlər. Amma, belə deməsəm daha yaxşı olar. Əslində də siz məni axtarırsınız, ancaq bunu özünüz də bilmirsiniz.
  
   Yaşlı məmur onu qəribə baxışlarla süzdü, “axmağın biridir, qovum getsin” –deyə düşündü.
  
   Elə bu vaxt mağaza müdiri gəlib çıxdı. Onların yanından keçərkən soruşdu:
-Cavan oğlan nə üçün gəlib?
-İş axtarır, cənab. Özəl qabiliyyətləri varmış. Əslində biz onu axtarırmışıq, amma heç özümüzün də xəbəri olmadan.
-Doğrudan? Allah Allah...Axır ki, biz də axtardığımızı tapdıq. Siz nə iş görə bilirsiniz?
-Bilirsiniz, mən çox gözəl yata bilirəm.
-Ooo...Bu çox gözəl qabiliyyətdir. Yəqin ki, sən buna görə çox pul istəyərsən.
-Əlbəttə.
-Mənim mağazamda işləmək üçün yəqin ki, ən az beş yüz manat istəyərsən.
-Elə mən də o qədər istəyəcəkdim.

Müdir hirsindən özünü saxlaya bilmədi və məmura dedi:
-Qov bu axmağı burdan. Gör səhər-səhər nə ilə məşğul oluram.
  
   İkinci tənbəl dost da demək olar ki, eyni hadisə ilə rastlaşdı. O, iş axtardığı fabrikdə müdirə:
-Mən çox gözəl yemək yeyə bilirəm, -deyə etiraf etdi.
   Əvvəlcə fabrik müdiri:
-Bunu eləsən sənə yeddi yüz manat verərəm, -demiş, daha sonra isə onu fabrikdən qovmuşdu. Bütün bunlar o qədər ani olmuşdu ki, o, nə baş verdiyini belə anlamamışdı.
  
   Üçüncü tənbəl dost isə bir başqa fabrik sahibinə “çox yaxşı əylənə bilirəm” demişdi. Min manat qazanmaq istəyərkən min söyüş eşitmişdi.
   Axşam evə qayıdanda üçü də çaş-baş qalmışdı. Halbuki əllərindən gələni eləmişdilər. Axı niyə bu insanlar onları anlamırdılar. Ertəsi gün əzm və qətiyyətlə yenidən iş axtarmağa başladılar. Günlərlə çalışdılar. Amma heç kim yemək, yatmaq və əylənmək üçün onları işə götürmürdü. Aclıqdan taqətsiz qalıb, soyuqdan xəstə və pərişan olmuşdular.
   Nəhayət, bir gün arzularına çatdılar. Üçünə də “Hə” deyən biri tapıldı. İş görüşməsinə getdilər və gördülər ki, üçünü də işə götürən adam eynidir. Bu adam onların ac və səfil hallarına acıyıb onları işə götürdü. “Bəlkə ağıl sahibi olarlar” –deyə onlara möhlət verdi və yanına çağırıb dedi:
-Baxın, bura mənim fabrikimdir. Mən sizi ehtiyacınız olduğu üçün işə götürürəm. Yoxsa, mənim nə sizə, nə də qabiliyyətlərinizə ehtiyacım var.
   Unutmayın ki, heç kim kimisə yesin, yatsın və əylənsin deyə işə götürməz. Mən toxuculuqla məşğulam və mənim niyyətim parça toxumaqdır. Burada işlədiyiniz müddət ərzində sizin niyyətiniz də bu olmalıdır. Başa düşdünüzmü?
   Bir şey başa düşmədilər.
-Nə isə, ustalarınız sizi başa salar, - dedi.
   Hər biri bir ustaya əmanət edildi. Bəzən başqa məqsədləri oldu, doğru olmayan yollarla getdilər, bəzən yaxşı niyyətlə olsa da həkimliyə, mühəndisliyə həvəsləndilər. Yenə narahatçılıq oldu, müdirin məqsədi xatırladıldı. “Yaxşı işlər görmək istəsəniz də əsas məqsədinizi unutmayın” dedilər. Xəstəxanada parça toxumaq, fabrikdə əməliyat etmək olmaz.

    Nəhayət, dostlardan ikisi doğru yola gəldi, ağıllandılar və o biri dostlarının da doğru yola gəlməyi üçün çalışmağa başladılar.
                     
                                   *   *   *
  Kainat Allahın bir fabrikidir. Allah (c.c) insanları yesinlər, yatsınlar, əylənsinlər deyə yaratmamışdır.

   Hər fabrikin bir məqsədi var. Fabrik sahibinin məqsədi oradan işləyənlərin məqsədi ilə eyni olmalıdır.

   Görülən işlər doğru olsa da, əsl məqsədin önünə keçməməlidir. Hər şey əsl məqsədə xidmət etməli, digər işlər əsl məqsəddən sonra gəlməlidir.

   Böyük şəxsiyyətlərdən birinin ifadəsi ilə: “Dünya bir mehmanxanadır. İnsan isə orada müvəqqəti qalacaq. Eyni zamanda öhdəlikləri çox olan bir qonaqdır. Və bu qısa ömür ərzində əbədi həyatı üçün vacib olan ehtiyacları tədarük etməklə vəzifələndirilmişdir”.

   İnsanın vəzifəsi Rəbbini tanımaq və Onun yer üzərində həssas tərəzilərə malik xəlifəsi olaraq bir kitab kimi yazılmış kainatı oxumaq, sənətini incələmək, özünün təşəkkürünü təqdim edərək əbədə gedən yolu açmaq, solmayan meyvələri toplamaqdır.

   İlk iş Allahı xatırlamaq və təbliğ etməkdir. Bunu həyatın içərisində; laboratoriyada, ticarət mərkəzində, küçədə, fabrikdə, hər yerdə tətbiq etmək, iman və əxlaqla yaşamaqdır.

   Əsl məqsəd bütün həyatımıza nüfuz edərsə digər işlər asanlaşar və daha mənalı olar.

   Həkim Allahın göndərdiyi və vəzifələndirdiyi bir şəfa əli kimi; ticarətçi Onun haqq və ədalət tərəzisi kimi işləyir.


* ("Muştu" yayınları, "A şıkkı" adlı kitabın tərcüməsi "xəzər nəşriyyat"-"Vaxtı olmayan adam")