Bu gün 18 May Azərbaycan Respublikasının canından qoparılmış torpağı Laçının işğalından 19 il ötür. 63 min 341 azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınaraq Respublikanın müxtəlif rayonlarında məcburi köçkün həyatı yaşayır. 19 ildir ki, qəlblərinə daş bağlayaraq səbr edən laçınlılar və o cümlədən biz inanırıq ki, bir gün... Bir gün o qayıdacaq. Sadəcə, ümidimizi itirməyək. "Əşi o gedən getdi, bir daha qayıtması çətin məsələdir" deyənlər, inamınızı itirməyin. Qarabağ müharibəsi cəbhələrində 267 laçınlı şəhid olub, 66 nəfər girov götürülüb, 105 nəfər əlilə çevrilib. Onların ahı cavabsız qalmayacaq, inşaAllah.
Bu gün televiziya kanallarından birində "Atları yəhərləyin" filmini nümayiş etdirdilər. Bu filmə dəfələrlə baxsam da, bu günkü qədər diqqətimi çəkməmişdi. Hələ ordakı "Anama deyin" və "Bu dünya sirli dünya" sözləri ilə başlayan səsləri insanı "doldurur", göz yaşını insanın ürəyinə "saplayır".
Gün keçər, taya dönər
Su axar çaya dönər
Kişnəsə namərd atı
Mərd toy, yuvaya dönər
Deyirəm, gözəl dünyam
Gözəl mi, gözəl dünyam
Bir halal, qazanc paya
Uzanır gedər dünya
Bu dağın daşı duzlu
Anamın, aşı duzlu
Öldülər, içənləri
Gözümün yaşı duzlu
Doğrudan da, dünya kirli dünya! Koroğlu da mərdliyin sonunu tüfəngin ortaya çıxması ilə sona yetdiyini deməmişdimi? İndi arxadan vurma dövrüdür...
Azərbaycan çox zəngin ölkədir, xüsusilə də, Qarabağ ərazisi ən zəngin sahəsidir. Təbii ki, canavarın gözü yağlı ətdə olar. Ancaq, onlar bilmirlər ki, bizi qoruyan Allahımız və Onun göndərdiyi qəhrəmanlarımız var. Hələ ki, müsəlman dünyasını əzirlər. Ancaq, qələbə müsəlmanların olacaq, inşaAllah.
Gecə nə qədər uzun olsa da, onun da bir işıqlı sabahı var!
Bu bütün azərbaycanlıların imtahanıdır və bu imtahandan üzü ağ, alnı açıq çıxmaq diləyi ilə...