İnsan
qocalanda uşaq kimi olur deyirlər. ətrafındakılardan qayğı umur, kiminə ərk
eləyir, kimindən nəsə umur, ən adi şeylərə görə yaxınlarından küsür. Bəzən elə
şeylər istəyir ki, yerinə yetirmək də çətin olur...
Orta yaşlı bir şəxs dövrünün məşhur şeyxinin
yanına gəlir və deyir:
-Ustad,
Quran-i Kərimdə buyurulur ki, valideynləriniz qocalanda onlara “of” belə
deməyin. Ancaq, mənim qoca atam mənə elə işlər buyurur ki, bilmirəm nə edim,
necə edim ki, onun qəlbi qırılmasın.
-Atan
nə istəyir, oğlum?
-Biz
iyirmi ildən çoxdur ki, bu şəhərdə yaşayırıq. Çox şükür, evimiz-eşiyimiz, yaxşı
şəraitimiz var. Ancaq atam son illərdə tez-tez bizi tərk edib kəndə gedir. Kişi
elə bil uşaq olub. Dinib-tərpənib uşaqlığndan, gəncliyindən danışır. O kənd
getdikcə ona daha da doğmalaşır, onu daha çox özünə çəkir. Bir də gördün, qışın
ortasında qar demir, yağış demir, səhər yerindən duran kimi torbasını
yığışdırıb düşür yola. İndi yenə kənddədir, iki gün əvvəl sifariş göndərib ki,
anamı da onun yanına aparım.
-İmkanın
varsa, niyə aparmırsan?
-Ustad,
imkanım var, ancaq anamın səhhəti imkan vermir. Səksən üç yaşı var, iki ildən
artıqdır ki, yazıq arvad yataqdan qalxa bilmir. Atam eyni şeyi ötən il də
məndən tələb etdi, mən də anamı aparıb onun yanına qoyub qayıtdım. Heç bir
həftə keçməmiş yenidən atamdan sifariş gəldi ki, gəl ananı apar, mənə baxmağı
bir yana qalsın bunun özünə baxan lazımdır. Mən də gedib gətirdim. İndi eyni
şey yenidən təkrarlanır, atam ötən ilki hadisələri unudub. İsrarla məndən tələb
edir ki, anamı da kəndə aparım ki, onabaxsın. İstəyirəm xanımı aparıb atamın
yanında qoyum, ancaq bilmirəm ki, o da razı olar, ya yox.
-Oğlum,
xanım mövzusunda sənin haqqın yoxdur ki, onu getməyə məcbur edəsən: istəsə
gedər, istəməsə getməz. Bu onun haqqıdır. Yəni sən ailə başçısı olsan da,
haqqın çatmır ki, həyat yoldaşından atana xidmət etməyi tələb edəsən. Üstəlik
də ev-eşiyini, balalarını burada qoyub ucqar bir kəndə getməsini tələb etməyə
heç haqqın yoxdur. Ancaq yoldaşın bu təklifi könüllü qəbul edərsə, yənin sənin
valideynlərinə xidmət etməyi özünə bir borc, vəzifə bilərsə, bu, onun başının
ucalığıdır.
Gərək belə xanımın dəyərini biləsən, xətrini
həmişə uca tutasan. Ancaq indiki vəziyyətdə sənin qarşındakı məsələ o qədər də
asan deyil. Gərək yüz ölçüb-bir biçəsən. Elə edəsən ki, birinin istəyini yerinə
yetirəndə başqasının haqqını tapdamayasan.
-Mənə
nə məsləhət verirsiniz, necə edim? Necə edim ki, bu imtahandan ziyanla
çıxmayım?
-Yaxşı
olar ki, qocaların hər istəyini yerinə yetirmək mümkün olsun. Ancaq, daha
yaxşısı odur ki, qoca da gərək nə istədiyini, niyə istədiyini, kimdən
istədiyini yaxşı bilsin. Əgər qocanın tələbi, istədiyi reallıqla üst-üstə
düşmürsə, yəni yerinə yetirmək mümkün deyilsə, onda böyüklərimizin buyruğunu
əsas götürmək lazımdır: Qocanın istəyini yox, ehtiyacını əsas götürün. Sən də
məsələyə bu yöndən bax. Doğrusunu axtarsan, sənin atanın xanımına yox, onun
qayğısını çəkəcək bir insana ehtiyacı var. Yaxşı olar ki, sən də məsələyə bu
cür yanaşasan.
Gələn adam bir qədər düşünür və:
-Doğru
buyurursunuz,ustad – deyir, getmək üçün icazə istəyir.
Aradan on gün keçəndən sonra həmin şəx
yenidən şeyxin yanına gəlir və məsələni necə həll elədiyi barədə hesabat verir:
Sizin yanınızdan yarılan günün sabahı kəndə
yola düşdüm. Atamla görüşüb hal-əhval tutandan sonra kənddəki qohumlarımızdan
birinin yanına gedib vəziyyəti açıqladım və dedim ki, atama baxmağa münasib bir
adam axtarıram. Mən onun aylıq haqqını ödəyim, o da hər gün gəlib atama baxsın.
Həmin qohumum mənə bir adamı isnad verdi, mən də onunla danışıb razılaşdım. Adam
da uzun müddətdən bəri işsiz olduğu üçün mənim təklifimi qəbul elədi. Mən onun
aylıq haqqını verdim, o da belə bir qapının üzünə açıldığı üçün dönə-dönə
Allaha şükür elədi. Hətta sizin üçün də dua elədi. Dedi ki, bu fikri sənin
ağlına salandan Allah razı olsun! Tərifdən xoşu gəlməyən ustadın çöhrəsinə ciddi
bir görkəm gəldi və belə dedi:
-Quranın
əmrlərini, Peyğəmbərimizin(sas) buyruqlarını başının üstündə tutan heç vaxt ziyana
düşməz. O dediklərim mənim fikrim deyildi. Peyğəmbərimizin(sas) buyruğu idi. Sən də
o buyruğu səmimiyyətlə yerinə yetirdiyin üçün belə sevinirsən.
*Ailəm,2011