Monday, November 14, 2011

Həyatı tərsinə yaşasaydıq...

Bir anlıq həyatımızı düşünək...Yəni, taxta bir tabutun içərisindəsiniz. Hamı qarşınızda sıraya durub göz yaşları içərisində dua edir. Bu vaxt tabutdan qalxırsınız. Müdrik, kamil, təmkinli...Sizə qarşı sonsuz bir ehtiram var. Oğullarınız, qızlarınız, nəvələriniz və hətta nəticələriniz hamısı ətrafınızdadır. Maşınınıza oturub evinizə gedirsiniz...
-Evinizə gəlirsiniz. Hazır ev, hazır maaş..Rahatlıq içərisində yaşayırsınız. Səhhətiniz də yavaş-yavaş düzəlir. Əzələləriniz möhkəmlənir. Və bir gün müdir və ya təcrübəli bir işçi kimi işə başlayırsınız. Hamı qarşınızda dik durur.
-Get-gedə "formaya düşürsünüz". Gözəl günlər başlayır. Və bir gün müdir sizə universitetə getməyi təklif edir. Artıq atanız da yanınızdadır. Atanız: "Çox işlədin, evə qayıt, oxumağa başla", -deyir.
-Sonra məktəb illəri gəlir. Artıq sizi məktəbə atanız və ya ananız aparıb gətirməyə başlayır. Maşın sürməyə də ehtiyac yoxdur.
-Bir gün isə sizi məktəbdən çıxarırlar. "Artıq, evdə otur, oyuncaqlarınıa oyna", -deyirlər. Yeməyiniz hazır, içməyiniz hazır. Və bir gün ananız sizə süd verməyi qərara alır. Artıq hara getsəniz, yeməyiniz yanınızdadır.
-Bir gün də qaranlıq və isti bir mühitə düşürsünüz. Qidalanmaq üçün ağzınızı açmağa da ehtiyac yoxdur. Səs-küydən də uzaqsınız. Kiçilir, kiçilir, kiçilir və nəhayət, kiçik bir hüceyrəyə çevrilirsiniz. Və bir gün həyatınız sona çatır...
Əslində bu yazıdan çox nəticə çıxarmaq olar. Ancaq 3 əsas nəticə bunlardır:
1 - Ölümü öldürmək olmaz. Həyata istər əvvəldən, istər axırdan başlayaq, əvvəl-axır "ora" gedəcəyik.
2 - Həyat istər ölümə doğru getsin, istər doğuma, yenə Ona (c.c) yaxınlaşırıq, yolumuz Onadır.
3 - Və imtahan...Əsas məsələ həyata haradan başlamaq deyil, həyat imtahanından necə çıxmaqdır.

*Ailəm,2011